Azərbaycan-Qərb müharibəsinə səngərdən kənar baxış…
“Hangi deniz nereye
dökülüyor, bana ne
Ben içimde boğulurken…"
Firudin Düzağac adlı türk müğənnisi bunu “Boş dərs” adlı mahnısında oxuyur. “Boş dərs” biz azərbaycanlıların indiki halını yaxşı təsvir edir.
Türk dilini yaxşı bilməyənlər üçün aydınlaşdırım, müğənni deyir ki, hansı dəniz hara tökülür, mənim nəyimə lazımdı, əgər mən özüm içimdə boğuluramsa…
Firudinin bu sözləri bütün günü televiziyalarında, qəzetlərində Amerikanın, Avropanın batdığını, dağıldığını təbliğ edən hakimiyyətə sadə azərbaycanlının verəcəyi cavabdı.
Son vaxtlar hakimiyyətin nəzarətində olan KIV-lərdə Qərb ölkələrinə qarşı müharibə intensivləşib. Avropada, ABŞ-da insanların günlərinin göy əskiyə büküldüyünü, böhranın, özbaşınalığın tüğyan elədiyini yorulmadan gecə-gündüz təkrarlayırlar.
Söz yox, bunların hamısı yalan və cəfəngiyyatdı, amma… Bir anlıq fərz edək ki, lap elə deyilənlər doğrudu, Qərbdə insanlar acından “oboy” yeyir, içməyə su tapmır, polis onların cibinə nəşə atıb həbs edir. Hətta belədirsə də, bu, azərbaycanlı üçün nə məna daşıyır?
Bax, Firudin Düzağacın yuxarıda qeyd etdiyim sözləri burda yerinə düşür. Hər günü, saatı möhnət içində keçən, elementar hüquqları tapdalanan, bir qarın çörəkdən ötrü Irandan Turana səpələnən azərbaycanlının çox elə yadına düşür, marağındadımı ki, Avropa dağılır, ya dağılmır?!
***
Azərbaycan insanını elə bir zülmə düçar ediblər, o, çətin ki, dünyanın hansısa yerindəki faciəyə, haqsızlığa təəccüblənsin. Bu gün hökumətin üyüdüb-tökdüyü “Avropa məhv olur, dağılır” yalan-palanı insanlarımızın dərdini unutdurmur, əksinə, onları daha dərindən ah çəkməyə vadar edir. Azərbaycanlılar üçün o süjetlər, məqalələr yaraya duz tökmək misalındadı. Insanlarımız onlara baxıb, “mənim yanımda sizinki dərddi ki?!” deyir.
***
Diqqət eləmisinizsə, illərdir Azərbaycan telekanallarının xəbərləri əsasən 2 hissədən ibarət olur. Birinci hissə, Ilham Əliyev və onun ailə üzvlərinin görüşlərinə, səfərlərinə həsr olunur. Bura həm də ölkədə güclü tikinti-quruculuq, gözəlləşdirmə işlərinin aparılması barədə xəbərlər daxildi.
Ikinci hissə isə Avropanın, Amerikanın hansısa ceyranmələməyən tinində baş verən, bəzən heç baş verməyən daşqın, yanğın və başqa təbii fəlakətlərdən ərsəyə gətirilir.
Bütün telekanalların xəbərlər siyasətinin mahiyyəti belədir: onlar bu yalanı tirajlayır ki, biz inkişaf edirik, dünya isə batır.
Düzdü, bu yalan təbiğata müəyyən insanları inandıra biliblər. Mənim özüm də elə insanlarla rastlaşmışam ki, Azərbaycanı tərifləməyə söz tapmayanda deyirlər: “Qardaş, televiziyaya-zada baxırıq da, yenə bizdə şükür, salamatçılıqdı, filan ölkəni su aparır, filan yerdə zəlzələ camaatı qırır…”
Yox, onu gözləməyin ki, Amerikada, Avropada təbii fəlakətlərin olmadığını iddia edəcəm. Olur, ağzımızda “təbii fəlakət” deyirik. Ancaq dünyanın bu mədəni coğrafiyasında təbii fəlakətlərin fəsadlarını necə aradan qaldırırlar, siz bunu heç zaman Azərbaycanı idarə edənlərin dilindən eşidə bilməzsiniz. Çünki Azərbaycan hakimiyyətinin özü təbii fəlakətdən də betər formada xalqa ziyan vurur. Onlar uzaqbaşı təbii fəlakətə bunların bazarına girdiyinə görə qəzəblənə bilərlər. Ziyanxorluqda bizim hökumətlə təbii fəlakətlər dost və qardaşdılar, amansız rəqabət şəraitindədilər.
***
Bəli, Amerikada, Avropada da bəzən sel, quraqlıq olur. Lap bu yaxınlarda Gürcüstanda da belə hadisə oldu. Yaxın olduğundan, yəqin bildiniz, Kür daşqınının öldürdüyü gürcülərə görə Gürcüstan dövləti matəm elan etdi. Baş nazir və başqa məmurlar özləri birbaşa xalqın içinə gedib, xilasetmə işlərində iştirak elədilər. Həmin daşqından bir az əvvəl bizdə – Bakıda da yanğın olmuşdu, 15 nəfər bu yanğında həyatını itirmişdi. Bizim hökumət nəinki matəm elədi, hətta Avropa Oyunlarının məşəlinin qarşılanmasına görə zurna-qaval çalınmasını da dayandırmadı.
Biz belə hadisələri çox görmüşük. Neft Akademiyasında terror olanda 13 tələbə və müəllim həyatını itirdi, hökumət isə bu terroru görməzdən gəlib, Gül bayramı keçirdi. Özü də terror olan binanın 200 metrliyində…
***
Bəli, Avropada təbii fəlakət olur. Amma Avropada bir məmur da qələt edib, daşqından, yanğından əziyyət çəkənlərin yardımını mənimsəyə bilməz. Kimsə bunu eləsə, atasına od vurarlar. Bəs bizdə?
Sabirabaddakı Kür daşqını zamanı, Zaqatala zəlzələsində əhaliyə ayrılan yardımların mənimsənilməsi barədə müstəqil ekspert qrupu qalaq-qalaq faktlar üzə çıxarıb. Amma buna görə bircə nəfər də yüksək vəzifəli məsul şəxs cəzalanmayıb. Bax, analoqsuz Azərbaycanın, “dağılan Qərb”lə fərqi də budur.
***
Sizə bir ciddi fırıldağı da açıqlayım. Dünyanın ən ucqar guşəsindəki bəd xəbərləri də oxucularına, izləyicilərinə hər gün çatdıran hakimiyyət mətbuatı, televiziyaları heç zaman sadə azərbaycanlıların dərdini işıqlandırmaz. Belə şey onlar üçün yolverilməzdi. Elə axırıncı yanğın hadisəsini götürək. Hökumət qəzetləri bu barədə, az qala, lupa ilə oxunacaq qədər kiçik bir xəbər verdilər. Bunun səbəbini soruşduqda isə “Azərbaycan” qəzetinin baş redaktoru demişdi ki, onların işi şou göstərmək deyil, yanğın barədə istintaq gedir, nə yazıb-pozmaq lazımdısa, onlar edəcək. Bax, belə! Azərbaycanlıların yanğında yanıb-kül olması onlar üçün xəbər deyil, amma Niderland meşəsindəki dələnin qarnının ağrıması manşetlik hadisədi.
Məqsədim Avropanı, Amerikanı tərifləmək deyil. Görünən dağa bələdçilik eləmək lazım deyil. Avropa dövlətləri, Amerika demokratiya və azadlığın, yüksək həyat səviyyəsinin, əla təhsilin və səhiyyənin hökm sürdüyü yerlərdi. Bunu sadə azərbaycanlılar bilməsə də, Avropanı söyənlər çox yaxşı bilir. Ona görə də hamısı Avropada, Amerikada biznes qurur, övladlarını oralara oxumağa göndərir, xəstələnəndə, istirahət etmək istəyəndə bu ölkələrə qaçırlar. Biz hələ beş-altı “moşennik” avropalı və amerikalıdan başqa Azərbaycana köçüb yaşamaq istəyəni görməmişik. Əvəzində gördüyümüz odur ki, azərbaycanlılar öz doğma vətənlərindəki zülm-zillətdən baş götürüb hara gəldi qaçırlar.
***
Nəhayət, bilməyik. Dünyanın Azərbaycandan başqa hər yeri yanıb kül olsa belə, bir acımızın qarnı doyan, bir ədalətsizliyin yerini haqq alan deyil. Atalarımız da belə deyib, əvvəl məscidin içi, sonra çölü. Qoy hökumət yalan-palan siyasətini davam eləsin, barı biz Avropanın, Amerikanın dərdlərilə özümüzü məşğul eləməyək. Onlar hərtərəfli bizdən güclüdülər, özləri öz problemlərilə məşğul olacaq.
Elmar Hüseynovun sözünə qayıdıram. Azərbaycanın hər şeyi var, bu gedişlə bircə gələcəyi olmayacaq. Bu gedişatı dayandırmaq isə öz əlimizdədi!