Məşhur reytinq agentliyi «Moody’s» Azərbaycan bankları ilə bağlı qorxunc proqnoz verib
Beynəlxalq kredit reytinqi agentliyi “Moody’s” Azərbaycanın bank sisteminin reytinqinin proqnozunu “Stabil”dən “Neqativ”ə dəyişib. "Neqativ" (Mənfi) proqnoz o deməkdir ki, reytinq aşağı salına bilər. Bu barədə “Marja” “Moody’s”ə istinadən xəbər yayıb.
“Moody’s Investors Service” bildirir, aşağı neft qiymətləri və valyuta devalvasiyası bankların əməliyyat mühitinə, eləcə də aktivlərin keyfiyyətinə, kapital, gəlirlilik və maliyyələşdirilməsinə təsir edir.
“Moody’s” qeyd edir ki, neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına aşağı istiqamətdə təzyiq yaradır. 2014-ci ildə Azərbaycanın nominal ÜDM-nin 37 faizə yaxını karbohidrogen sektorunun payına düşüb.
“Moody’s” agentliyi proqnozlaşdırır ki, 2015-ci ildə Azərbaycanın ÜDM-i 1 faiz azalacaq, neftin barrelinin qiyməti isə bu il orta hesabla 55 dollar təşkil edəcək. Azərbaycan iqtisadiyyatında yalnız 2016-cı ildə 1.7 faizə qədər artım ola biləcəyi proqnozlaşdırılır.
“Moody’s” hesab edir ki, devalvasiyanın nəticəsi olaraq, bankların aktivlərinin qiyməti düşəcək, kredit qoyuluşları azalacaq, problemli kreditlərin xüsusi çəkisi 15 faizə çatacaq.
Azərbaycanın reytinqinin bu cür dəyərləndirilməsi ölkəmizin bank sektoru üçün nə vəd edir? Belə qiymətləndirmənin hansı fəsadları ola bilər?
Iqtisadçı ekspert Samir Əliyev yada salır ki, ilin əvvəlində də bankların reytinqinə baxılmışdı. Bəzi banklarda bu reytinq sabit saxlanılsa da, bir qismində “pozitiv”dən “stabil”ə endirilmişdi: “Amma bu gün görürük ki, dünyanın ən böyük reytinq agentliyi ”Moody’s" Azərbaycan banklarının vəziyyətini “sabit”dən “neqativ”ə doğru dəyişib. Buna səbəb isə neftin qiymətinin ucuzlaşması nəticəsində gəlirlərin azalmasıdır. Eyni zamanda, fevraldakı devalvasiyadan sonra bankların bu prosesdən zərər çəkməsi də reytinqin müəyyənləşməsinə təsir edib".
Əslində, bunun gözlənilən olduğunu deyən ekspert onu da əlavə edir ki, baş verənlər bank sektorunun nüfuzuna mənfi təsir göstərəcək. Bu isə xaricdən resurs cəlb etmək imkanını məhdudlaşdıracaq: “Eyni zamanda, bankların cəlb etdiyi xarici resursların faiz dərəcəsi də daha artıq olacaq. Bu da son nəticədə Azərbaycanın kredit bazarına mənfi təsir göstərəcək”.
Xəyal