O, rus qoşunlarını yenidən ölkəmizə qaytarmaq istəyir
Azərbaycanın 7 rayonunun qaytarılması əvəzində Rusiya sülhməramlı qüvvələr adı altında yenidən Azərbaycana qayıtmaq və faktiki olaraq ölkəmizi yenidən işğal etmək niyyətindədir.
Rus ordusu Azərbaycana qayıdır?
Son günlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələr xeyli intensivləşib. Bu münaqişənin sülh və danışıqlar yolu ilə həll edilməsi üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatlar verərək münaqişənin həlli üçün çalışdıqları görüntüsünü, imitasiyasını nümayiş etdirirlər. Özləri də çox yaxşı başa düşürlər ki, bu məsələ sonsuzluğa qədər belə davam edə bilməz və dondurulmuş saydıqları bu münaqişə hər an öz aktiv fazasına daxil ola bilər. Qoşunların təmas xəttindəki gərgin vəziyyət və yüksək rütbəli erməni hərbçilərinin sərsəm bəyanatları belə düşünməyə yetərincə əsas verir. Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin bəyan etdiyi kimi, bu münaqişə artıq daha təhlükəli hal alıb. Saysız-hesabsız danışıqları “ölü” nöqtədən tərpətmək üçün real addımların atılmasının vaxtı çoxdan çatıb.
ABŞ dövlət katibi köməkçisinin müavini Brent Hartli isə bəyan edir ki, Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları canlandırmaq lazımdır. Görünür, Amerika Qarabağ münaqişəsinin həllindəki əsas aparıcı rolu və təşəbbüsü Rusiyadan ciddi olaraq almaq niyyətindədir.
Məlumdur ki, Rusiyanın himayəsi ilə Ermənistan Respublikası müxtəlif bəhanələrlə bu münaqişənin sülh və danışıqlar yolu ilə həllini uzadır və buna mane olur. 24 ilə yaxın davam edən bu münaqişənin məhz indiki zamanda həll edilməsinin gündəmə gəlməsi təsadüfi deyil.
Artıq hamıya yaxşı bəllidir ki, keçmiş SSRI respublikaları ərazisində yaranan bu cür müharibələri Rusiya dövləti yaradıb və oradan da idarə olunur. Moldovada, Ukraynada, Gürcüstanda, Azərbaycanda və digər yerlərdə süni olaraq yaradılan bu münaqişələr rus şovinizmi və işğalçılıq siyasətinin nəticəsi və onun davamıdır. Bu variant SSRI-dən ayrılıb müstəqil olan ölkələrin yenidən Rusiya ətrafında məcburi olaraq birləşdirilməsi məqsədilə, planlı, düşünülmüş şəkildə yaradılıb. Bu faktdır ki, Azərbaycan Respublikasının ərazisinin 20%-dən çoxunu Ermənistan məhz rus ordusunun bilavasitə fəal iştirakı ilə işğal edib. Bunun nəticəsində 1 milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün vəziyyətinə salınıb, şəhərlər, kəndlər, qəsəbələr, yollar, körpülər və digər infrastrukturlar viran qoyulub, idarə, müəssisə, təşkilatlar, məktəblər, xəstəxanalar, kitabxanalar, banklar və digərləri yandırılıb və ilkin hesablamalara görə, ölkəmizə 300 milyard dollardan artıq ziyan dəyib və itkilərimiz bu gün də davam edir. 30 mindən artıq vətəndaşımız şəhid olub, minlərlə vətəndaşımız yaralanıb və itkin düşüb.
Hər şeyi öz adı ilə desək, Dağlıq Qarabağı və ona daxil olmayan digər rayonları Rusiya işğal edib Ermənistana verib və burada Ermənistanın yalnız adı vardır. Rusiya olmasaydı, Ermənistan ordusu Azərbaycan ordusu qarşısında bir gün belə dayana bilməzdi. Rusiya bu işğalçılıq siyasətini davam etdirmək üçün Ermənistanı bu gün də silahlandırır.
Türkiyə nə vəd edir?
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həll edilməsinin ən yaxşı variantını Türkiyə Respublikası təklif edib. Onun bu problemin birdəfəlik, geniş miqyaslı və köklü şəkildə həlli üçün təklif etdiyi və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, münaqişə tərəflərinə və bu məsələnin həlli ilə məşğul olan beynəlxalq təşkilatlara və şəxslərə təqdim etdiyi “Yol xəritəsi” bu münaqişənin konkret olaraq həlli yollarını göstərir. Burada Ermənistan Silahlı Qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən çıxması, Azərbaycan-Ermənistan-Türkiyə dəmir yolu və avtomobil yollarının çəkilməsi, digər infrastrukturların yaradılması, yeni yaşayış məntəqələrinin salınması, işsizliyin aradan qaldırılması üçün lazım olan tədbirlərin görülməsi, yeni sosial obyektlərin yaradılması və ya bərpası, həmçinin, münaqişə tərəflərinə milyardlarla dollar yardım qoyulması və digər zəruri məsələlər nəzərdə tutulur. Bu təklif iqtisadi məngənədə sıxılan, acından əziyyət çəkən Ermənistan üçün daha vacibdir. Lakin Rusiyanın tələbi ilə bu təklifi Ermənistan rəhbərliyi qəbul etmədi, çünki bu məsələnin həllində Rusiya maraqlı deyil.
Qeyd edək ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə nəinki Ermənistan və Azərbaycana, eləcə də Türkiyəyə, Gürcüstana, həmçinin, müəyyən mənada Irana və hətta Orta Asiya ölkələrinə iqtisadi və siyasi təzyiq imkanları əldə edir və saxlayır. Dağlıq Qarabağ və bu kimi digər münaqişələr vasitəsi ilə Rusiya bəzi ölkələrin dünya və Avropa strukturlarına inteqrasiyasının qarşısında maneələr yaradır, onların təbii sərvətlərini talayır, siyasi və iqtisadi maraqlarını öz şovinist maraqlarına tabe edir.
Bəs indiki, belə bir həssas məqamda Putinin Qarabağ məsələsinin həllində aktivlik göstərməsi və Qarabağ ətrafındakı 7 rayonun geri qaytarılması ilə bağlı alver edilməsi nə ilə əlaqədardır?
Hörmətli politoloq Vəfa Quluzadənin bu fikri ilə tam razıyam ki, Putin Ukraynadakı uğursuzluğunu Qafqaz bölgəsindəki aktivliyi ilə kompensasiya etmək niyyətindədir. Məlumdur ki, rus ordusu Azərbaycanda və Gürcüstanda yoxdur. Lakin ordusunu yenidən Azərbaycana və Gürcüstana qaytarmaq Putinin çoxdankı arzusudur. O, Qafqazı heç cür tərk etmək istəmir. Indi isə 7 rayonun geri qaytarılması əvəzində Rusiya öz silahlı qüvvələrini “sülhməramlı” adı altında Azərbaycanın işğal altında olan ərazilərinə yerləşdirilməsi təşəbbüsü ilə çıxış edir. Buna əsla imkan vermək olmaz. Hətta bir nəfər rus əsgərinin belə “sülhməramlı” adı altında bura yerləşdirilməsi yolverilməzdir və bu bizim üçün fəlakət ola bilər.
Rusların səmimiyyətinə inanmaq olarmı?
Açıq və aydın şəkildə görünən odur ki, Putin “sülhməramlı” adı altında Azərbaycana qoşun yeritmək niyyətindədir. O, 7 rayonun geri qaytarılması əvəzində bütün Azərbaycanı işğal etmək istəyir. Heç kimə sirr deyil ki, son günlər cəbhə xəttində insan ölümü ilə nəticələnən silahlı toqquşmalar Ermənistan tərəfindən məhz Rusiyanın təhriki ilə törədilir ki, bunun da əsas məqsədi Azərbaycanı yenidən aktiv müharibəyə cəlb etmək, bizə hərbi təzyiq etməklə ordularını sülhməramlı adı altında yenidən Azərbaycana yerləşdirməkdir. Rusların necə bitərəf və “sülhməramlı” olduqlarını isə biz Dağlıq Qarabağ, həmçinin Serbiya-Bosniya münaqişəsində və digər münaqişələrdə çox görmüşük. Ruslar istər BMT, istərsə də ATƏT-dən mandat alaraq daxil olduqları ərazilərdə ancaq öz maraqlarını güdürlər və onlar heç bir sazişə, öhdəliyə, nizamnaməyə tabe olmurlar və əməl etmirlər. Dediklərimə Ukrayna dövlətinin ərazi bütövlüyünə özünün də qarant olduğu Rusiyanın heç bir beynəlxalq qayda və qanuna, BMT nizamnamələrinə, ATƏT-in nizamnamə və çoxsaylı qərarlarına, həmçinin, tarixi bağlantılarına, qardaşlıq və qonşuluq münasibətlərinə, etnik və dini birliklərinə və nəhayət, insani münasibətlərinə məhəl verməyərək müstəqil dövlət olan Ukrayna respublikasının ərazisini işğal etməsi, oradakı separatçıları müdafiə etməsi, onları silahlandırması, çoxsaylı insan ölümünə səbəb olan yeni münaqişə ocağını yaratması buna çox əyani sübutdur. Ruslar heç bir nizamnaməyə, müqaviləyə, sazişə və s. əməl etmirlər. Yaxşı deyiblər ki, ruslar ilə bağlanan hər hansı bir sazişin, müqavilənin dəyəri onun yazıldığı kağız parçasının dəyəri qədərdir.
Məlumdur ki, Azərbaycanın bəzi yüksək vəzifəli şəxsləri Rusiyada biznes qurublar və bu ölkədə onların biznes və maddi maraqları var. Lakin dövlət maraqları ilə şəxsi maraqlar toqquşanda, onlar da bu vətənin övladları kimi, doğma vətənimiz naminə, övladlarımızın bu günü və gələcəyi naminə şəxsi maraqlarından əl çəkməli, dövlət maraqlarına üstünlük verməlidirlər.
Əgər Azərbaycanın 7 rayonunun azad edilməsi, azərbaycanlı və erməni icmaları arasında beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi qəti olaraq gündəmə gələrsə, mənə elə gəlir ki, bu mürəkkəb məsələnin BMT-nin bayrağı altında ədalətli dövlət və bizimlə çox yaxşı münasibətlərdə olan Almaniya Federativ Respublikasına tapşırmaq lazımdır. Türkiyə, Kanada, Ingiltərə, Çin, Yaponiya, Cənubi Koreya, Avstraliya kimi ölkələr də burada yardımçı qüvvələr kimi iştirak edə bilərlər. Lakin ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin ABŞ, Fransa və Rusiyanın silahlı qüvvələrinin bu prosesdə iştirakına əsla və qəti olaraq, heç cür yol vermək olmaz.
Çünki, bu 22 il müddətində münaqişənin sülh yolu ilə, ədalətli şəkildə həll edilməsi məqsədilə ilə yaradılan Minsk qrupunun həmsədr ölkələrinin bu məsələnin həllindəki qətiyyətsizliyini və “bitərəfliyini” çox gördük. Onların bu gün verdikləri sözün arxasında bir neçə gündən sonra çəkilmələri, bir-birilərini inkar edən bəyanatlar vermələri, ikili standartları da bizə yaxşı məlumdur. BMT-nin Azərbaycan Respublikasının ərazi bütövlüyünə və erməni silahlı birləşmələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair qəbul etdiyi məlum 4 Qətnaməyə baxmayaraq, Minsk qrupuna daxil olan ölkələr təcavüzkar Ermənistana “təcavüzkarsan” deyə bilmirsə və səssiz qalırsa, bunu necə adlandırmaq olar? Buna görə də Minsk qrupu ölkələri olan ABŞ, Fransa və Rusiyanın hərbi birləşmələrinin Qarabağda erməni və azərbaycanlı icmaları arasında sülhməramlı qüvvə kimi istifadə etmək olmaz.
Mən, xüsusilə qeyd etmək istərdim ki, Rusiyanın Azərbaycan ərazisinə, istərsə BMT-nin, istərsə də ATƏT-in mandatı ilə olsun, sülhməramlı adı altında girməsinə əsla yol vermək olmaz. Əks halda, Rusiya hər dəfə, mandatın müddətinin bitməsinə az qalmış ermənilərin əli ilə bir təxribat törədəcək, Qarabağda sülhün hələ tam bərpa olmadığı fikrini yaradacaq və gələcək üçün öz ordularının yenə orada qalmasını təmin edəcəklər. Beləliklə, Rusiya Azərbaycan ərazisində on illərlə, bəlkə də daimi qalacaq. Bununla da Rusiya Azərbaycan dövlətinə, rusların maraqlarına xidmət etməyən hər hansı bir addımın atmasına yol verməyəcəklər, ölkəni iqtisadi, siyasi və hərbi məngənəyə salacaqlar. Bunun adı isə qısaca olaraq, işğalçılıqdır.
Bunu isə bizə vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan on minlərlə övladlarımızın ruhu bağışlamaz, gələcək nəsillər isə bizə lənətlər yağdırarlar.
Sabir Mehdiyev, fəlsəfə doktoru