Qəzet özünə qarşı təzyiqlərlə bağlı bəyanat verdi
Seçkidən dərhal sonra hakimiyyət “Azadlıq” qəzetinə qarşı çoxistiqamətli təzyiq kampaniyasına başlayıb. Oktyabr ayının 14-də Yasamal Rayon Məhkəməsi Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın iddiası ilə qəzetin üzərinə qoyulmuş 32 min manatlıq cəriməni oktabrın 24-ə qədər ödəməklə bağlı xəbərdarlıq gönədrib. Bu müddət ərzində göstərilən vəsait ödənilməsə qəzetin hesabı bağlanacaq.
Bundan əlavə metro stansiyalarında qəzetin yayımı qadağan edilibr.
Oktyabrın 17-də isə redaksiyanın yerləşdiyi Azərbaycan Nəşriyyatının rəhbərliyi oktyabrın 21-nə qədər 5 min manat məbləğingə vəsait ödənilməyəcəyi halda qəzetin çapının dayandırlacağı haqda xəbərdarlıq edib.
Dövlətə məxsus “Qasid” yayım firmasının qəzetə olan borcu isə 50 min manata çatıb və davamlı müraciətlərə baxmayaraq, ödənmir.
Bir tərəfdən qəzetə qarşı məhkəmə cərimələri tətbiq edilir, digər tərəfdən dövlət firması borcu ödəmir və bunlara paralel olaraq, insanların intensive hərəkət etdiyi, buna görə də qəzetlərin daha çox alındığı metro stansiyalarındakı köşklərdə qəzetin satışı yasaqlanır. Beləliklə, qəzeti müflis etmək, maliyyə çətinliyi ilə susdurmaq cəhdləri göz önündədir.
Qərəzli məhkəmə qərarları, “Qasid” firmasının redaksiyaya olan borcunu müxtəlif bəhanələrlə ödəməkdən imtina etməsi, metro stansiyalarında qəzetin satışına yasağın niyə və kimlər tərəfindən qoyulmasına hər hansı izahat verilməməsi bir-birinə bağlı bütün bu prosesin siyasi motivli olduğuna dəlalət edir və özünün əsas tənqidçisi olan “Azadlıq” qəzetini çökdürmək üçün hakimiyyətin planlı fəaliyyətindən xəbər verir.
“Azadlıq” qəzeti hakimiyyətdən tələb edir ki, bu məkrli niyyət və fəaliyyətindən əl çəksin, ölkənin ikinci müstəqilliyi ilə yaşıd olan bu müstəqil nəşri susdurmağa çalışmasın.
“Azadlıq” qəzeti bəyan edir ki, dördüncü hakimiyyət olmaq missiyasından heç bir halda imtina etməyəcək, özünün tarixi ənənələri və prinsiplərinə sonadək sadiq qalacaq.
“Azadlıq” qəzeti ölkə ictimaiyyətini və oxucularını üzləşdiyi bu ağır durumda ona dəstəyi gücləndirməyə çağırır.