Dünən “Bizim Yol” qəzetində oxuduğum kiçik bir informasiya məni aldı, uzaqlara apardı.
Xəbər belə idi: Prezidentin baş cangüdəni Bəylər Əyyubovun bacısının həyat yoldaşı Seminar Şahverdiyev Iranda müalicə alırmış, vəfat edib.
Bir daha aydınlaşdırım ki, Bəylər Əyyubov kimdir, sonra sözümün “mustafası” gəlsin. Bəylər müəllim Azərbaycanın 5-6 yiyəsindən biridir, sözü bu ölkədə geri çevrilməyən, xüsusi imtiyazı olan, səltənət sahibidir.
Amma onun yeznəsi şəfa tapmaq üçün Iranı seçir!
Azərbaycanda minlərlə insan ən elementar xəstəliklər ucbatından ömrünü yarıda saxlayır. Nə qədər insan elə bilir ki, Bəylər müəllim yox, onun nökəri səviyyəsində imkanı olsa, Bakıya baş vurar, buradakı allı-güllü klinikalarda şəfa tapar. Reallıq isə başqa cürmüş…
Analoqsuz inkişaf, səhiyyə sistemində modernizasiya, islahat-filan – hamısı nağılmış. Müasir avadanlıqlı klinikalarımızsa, şadlıq evlərinin dərman qoxulu variantından başqa bir şey deyilmiş.
Qırmızı lentlərini şəxsən əlahəzrətin özünün kəsdiyi Müalicə Diaqnostika Mərkəzlərində xalq heç sünnət etdirməyi də özünə rəva bilmir.
Feodal, geridə qalmış, irtica rejimli ölkə kimi təqdim olunan Iran bu gün Azərbaycanın elitasına belə, sağlamlıq verisə, Ilham müəllim demişkən, “bəlkə bir az yavaşlayaq”, dostlar!
Heydər Əliyevə arxa çevirənlər
Heydər Əliyevin 90 illiyilə bağlı rəsmi qəzetlərin palaz-palaz məqalələrini çox maraqla izləyirəm. Həyatilikdən uzaq, yolavermə və yaltaqlıq janrında yazılan, bir çox hallarda başqalarına yazdırılan məqalələrə Ilham Əliyevin münasibətini bilmək üçün mən başımı da verməyə hazıram. Əlahəzrət atasına olan bu münasibətdən xoşhaldırmı? O yazıların səmimiyyətinə inanırmı?
Bilmirəm…
Ancaq çox istərdim ki, qibleyi-aləm o məqalələrlə tanışlığı mərhum atasının 1993-cü ildə rus qəzetinə verdiyi (aşağıda təqidim edilən) müsahibə ilə paralel etsin.
Heydər Əliyev hakimiyyətdən gedəndən sonra vəziyyətini belə təsvir edir: “Sevdiyim, inandığım adamların 95 faizi birdən-birə mənə arxa çevirdi. Çünki başqa adam gəlmişdi və fərdi maşının, bağın əldən çıxmamasının, uşaqların yerbəyer edilməsinin və s. qayğısına qalmaq lazım idi. Onlar vicdanlarını bu şeylərə satdılar”.
Rəqəmi görürsünüzmü – 95 faiz!
Yəni, Ilham Əliyev öz atasının bu cür acı təcrübəsindən də ibrət ala bilmir? Məgəm aydın deyil ki, Ilham Əliyev devrildiyi günün ertəsi ətrafının 99,9 faizi onu baltalayacaq?!
Uçurumun astanası
Sovet sistemi dağılandan sonra kim kənddə yaşayıbsa, yazacaqlarım ona qəribə gəlməyəcək. Nəhəng iqtisadi sistemlə birgə o sistemin nəhəng alətləri də çökdü. Məsələn, iri kombaynlar, otbiçən aqreqatlar, iri tokar dəzgahları, su anbarları və s.
Ən təsirli səhnələr nəhəng avadanlıqlardan toyuq basdırması, mal-heyvan tövləsi üçün istifadə edilməsi, bəzi texnikaların sökülüb eşşək arabası, inəkləri bağlamaq üçün dirəklərə çevrilməsi idi.
Bunları Dövlət Neft Fondundakı pulların 60 faizinin xərclənib qurtarmasını yenidən xatırlayaraq yazdım.
Bilməliyik ki, Azərbaycanda Əliyevçilik adına aparılan yalan və talan siyasəti davam edəcəksə, qarşıdakı bir-iki ildə Neft Fondunda heç nə qalmayacaq.
Və biz onda Bakı küçələrində toyuq hininə çevrilən çoxlu “Land Cruser”, “Range rover”lər görəcəyik.
Bəzən bu, savadsızlıq ucbatından olsa da, insanlar gələcəyə aydın nəzərlə baxa bilmirlər. Onlar elə bilir ki, hər şey yaxşılığa doğrudur. Ildən-ilə hər şey düzələ-düzələ gedir. Təki belə olaydı… Ancaq yoldaşlar, tarixin inkişafı düzxətli deyil, spiralvaridir.