Dünən sosial şəbəkədə gənc fəallar bir elanı paylaşıb, virtual aləmə haray salmışdılar. Mahiyyəti belə idi: aktiv gənclərin yaxın dostlarından birinin 10-cu sinifdə oxuyan bacısı Topçubaşov adına Elmi-Cərrahiyyə Institutunda müayinə olunub və təhlükəli xəstəliyi üzə çıxıb. Həkimlər “endemik ur”, el arasında, “zob” deyilən şişə cərrahi müdaxilə olmazsa, xəstəliyin ciddi fəsadlar törədəcəyi xəbərdarlığını ediblər.
Əməliyyat üçün 900 manat pul istəyiblər və gənclər operativ şəkildə deyilən məbləği düzəltmək üçün elan qoyublar, bank hesabından tutmuş nəğd yardım edənlərin işini asanlaşdıran ünvana qədər, hər şeyi, hətta şəffaflığa zəmanət verdiklərini də yazıblar…
Gənclərdən bir neçəsi ilə əlaqə saxladım, öyrənmək istəyirdim ki, bu cür həyəcan və şəffaflıqla toplamaq istədikləri vəsaitin rüşvət olduğunu bilirlərmi?
Bilmirlərmiş, xəbərləri yoxmuş, halal haqları olan tibbi əməliyyat üçün onlardan rüşvət tələb edildiyinin fərqində deyillərmiş.
Səhiyyə naziri Oqtay Şirəliyevin 2008-ci il fevralın 2-də imzaladığı qərar var və bu qərara əsasən, dövlət büdcəsindən maliyyələşən xəstəxanalarda istisnasız olaraq bütün tibbi xidmətlər pulsuzdur. Xidmətin pulsuz olması ilə bağlı qərarın mətninin dövlət xəstəxanalarında gözəgəlimli yerdə asılması barədə də göstəriş verilib.
O ayrı məsələ ki, bu qanunlar, qərarlar, rüşvətə və korrupsiyaya qarşı aparılan mübarizə – hamısı mənasız kağız yığını və cəfəngiyyatdır, gözə kül üfürməyə hesablanan şoudur. O qədər ki, rüşvətxorluq və vəzifə səlahiyyətlərini aşmaqla həbs edilən və 6 il 3 aylıq iş kəsilən Narkoloji Dispanserin baş həkimi Apelyasiyada “3 illik şərti cəza” ilə azadlığa buraxıldı…
Çünki sistemin mahiyyəti budur – cinayətkar olmadan bu idarəetmədə işləmək mümkün deyil. Əgər 12 illik təhsil zamanı, daha sonra isə işə düzəlmək üçün ətək-ətək “tər tökən” adam ayda 200 manata çatmayan əməkhaqqı alırsa, nəticə necə olmalıdır? Hələ tam ştat olarsa… Halbuki, həkimlərin böyük əksəriyyəti yarımştat da deyil, 4/1 ştatda qəbul olunublar, yəni ayda 50 manatlıq maaşa baxırlar. Bu simvolik maaşı həkiminə qıyan rejim bilmirmi ki, onu birbaşa əliəyriliyə təhrik edir?
O əməkhaqqına qane olan həkim də “Hippokrat andı”na tüpürüb, faktiki olaraq rüşvət sisteminin bir vintciyi rolunu oynamağa girişdiyini elə gözəl anlayır ki!
Amma bütün bunlar heç kəsə, xüsusilə gənclərə haqq vermir ki, rejimin rüşvət şəbəkəsinin əlində alətə çevrilsinlər. Axı, Azərbaycanın sosial şəbəkələrdə aktivlik göstərən, deməli, savadlı sayılan gəncləri niyə bilməməlidilər ki, vətəndaşların vergisi və ölkənin təbii sərvətləri hesabına şişən büdcəmizdən bu il səhiyyəyə 700 milyon manata yaxın pul ayrılıb? Bu vəsaitin həm də vətəndaşların pulsuz tibbi xidmət görməsinə xərclənməli olduğundan niyə xəbərsiz yaşamalıyıq?
Səhiyyə Nazirliyinin xətti ilə hər il dövlət büdcəsi hesabına – yəni pulsuz – veriləsi dərman və tibbi avadanlıqların sayı onlarla (42 ədəd) ölçülür. Bu dərmanlardan xəbəri olan varmı, kimsə pulsuz dərmanını tələb edirmi?
Əlbəttə ki, günahın ən böyüyü həmin gənclərdədir: əgər sənin öz hüququndan xəbərin yoxdursa, haqqını necə tələb eləyə bilərsən?
Cəmiyyət – həm də öz-özünü tənzimləməlidir. Biz həkim, hakim, müstəntiqə… – rüşvəti üzümüzə oxumağa imkan tanıyırıqsa, hansı vətəndaş cəmiyyəti qurmaqdan danışırıq? Niyə elə şərait yaratmırıq ki, həkim rüşvət istəməkdən ehtiyat eləsin, heç olmasa, imkansız ailələrin haqqını özünə versin?
Təbii ki, əsas səbəb rejimdədir. Rüşvət bu cəmiyyətdə o qədər adiləşib, o qədər şəffaf, hüquqi status qazanıb ki, artıq hamı bunu normal qarşılayır. Amma problem də elə burdan başlayır: niyə rüşvət faktını adi qarşılamağa öyrəşmişik?
Gənclər, siz qarşılaşdığınız, xərçəngə çevrilməsindən qorxduğunuz, deməli, rüşvətxorluğun ölümə yol açdığını gördüyünüz bir fakta qarşı qanunların imkan verdiyi səviyyədə mübarizə aparmırsızsa, Oqtay Şirəliyevdən Zakir Qaralova qədər, bütün görəvlilərə müraciət əvəzinə, virtual dünyaya səslənib, rüşvət vermək üçün pul yığırsınızsa, xəstəliyə əlac edəcəyinizimi düşünürsünüz?
900 manat rüşvət verməklə bir yeniyetməni xilas edə bilərsiniz – bəlkə də. Bəs, yüzlərlə, minlərlə imkansızlar necə olsun?
Əvvəlcə sistemin xərçəngindən cəmiyyəti xilas etməlisiniz ki, sonra xəstələriniz heç bir zaman əziyyət çəkməsin…