Neft Fondunun 2013-cü ilin ilk rübündəcə, cəmi 3 aya “valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar xərcinin”, yəni itirdiyi vəsaitin 570 milyon manat olması yazarlarımızın və təhlilçilərimizin diqqətini özünə çəkməyə bilməzdi və münasibətlər artıq ortadadır. Bu sahədə vaxtaşırı xırda araşdırmalarımızı təqdim etdiyimizdən, mənzərənin necə acınacaqlı olduğu təsəvvürünü yaratmaq üçün bəzi statistikanı yada salmağa böyük ehtiyac var.
2008-ci il ildə Neft Fondunun valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı büdcədənkənar xərci 836 milyon, 2010-cu ildə 644 milyon olub; 2011-ci ildə isə bu rəqəm, ümumiyyətlə, kəllə-çarxa çıxıb: 961 milyon dollar!
Yalnız 3 ilin statistikasına əsasən valyuta məzənnələrinin dəyişməsindən yaranan xərc nəticəsində Neft Fondunun 2,5 milyard dollara yaxın pul itirdiyi göz qabağındadır.
Müqayisə üçün baxın: Neft Fondunun vəsaitlərinin idarə edilməsindən 2008-ci ildə 296 milyon, 2010-cu ildə 200 milyon, 2011-ci ildə 226 milyon dollar qazanc əldə edilib. Yəni Neft Fonduna yığılan milyardlarla dolları xarici banklarda faizə qoymaqla, səhmlərə yatırmaqla, daşınmaz əmlak almaqla qazanılan vəsait üç ilin statistikasına əsasən cəmi 722 milyon dollar, itirilən məbləğ isə 2,5 milyarddır.
Bəs, hər il “Neft fondunun vəsaitlərinin idarə olunması üçün” mütəxəsislərə verilən milyonlar necə olsun? Hanı bunların mütəxəsisləri, iqtisadçıları, proqnozçuları, niyə hər il Neft Fondu “valyuta məzənnələrinin qalxıb-düşməsindən” yüz milyonlarla vəsait itirməlidir?
Son illər ərzində yalnız ötən il Neft Fondu valyuta məzənnələrinin dəyişməsindən uduzmayıb, əksinə, qazanıb: 325 milyon dollar! Ancaq bu rəqəmə sevinməyə macal tapmadıq, 2012-ci il ərzindəki 325 milyonluq qazanc müqabilində 2013-cü ili 3 ayındaca Neft Fondu 570 milyon dollar itirdi.
2012-ci ildə dünyada valyuta məzənnələrinin dəyişməsi ilə 2013-cü ilin ilk rübü arasında nə fərq var? Son üç ayda hansı iqtisadi çökmə baş verib? Dolların məzənnəsimi kəskin düşüb, qızılmı ucuzlaşıb?
Necə olur ki, Neft Fonduna yığılan milyardlarla dollar heç bir gəlir gətirmir, əksinə, yalnız itirir? O vəsaitin müəyyən hissəsi bu xalqın özünə 4-5 faizə verilsəydi, Neft Fondunun illik gəliri milyardı ötmüş olardı. Ümumiyyətlə, niyə Neft Fondu ölkə daxilində aşağı faizlə xalqın özünə pul verməməlidir? Niyə Azərbaycan xalqı ən azı illik 18 faizə banklardan pul götürməlidir? Neft gəlirləri bu xalqın deyilmi?
Ən acınacaqlısı isə qarşıdakı rəqəmdədir: 2013-cü ildə Neft Fondunun gəlirləri 15.1, xərcləri isə 17,3 milyard dollar proqnozlaşdırılır. Neft Fondunun yarandığı gündən indiyə qədər ilk dəfədir ki, xərcləri gəlirindən çoxdur, həm də 2,2 milyard səviyyəsində!
Azərbaycanın “sürətli iqtisadi inkişafının” əsl mahiyyətini müşahidə etmək üçün bundan dəhşətli fakt ola bilməz. Bir tərəfdən Neft Fondunun “məzənnələrin dəyişməsinə” görə bu il cəmi 3 aya 570 milyon itirir, digər tərəfdən isə 2,2 milyardlıq vəsait “gələcək nəsillər üçün yığımdan” oğurlanır. Çünki büdcə dolmur, neft pulları hesabına şişirdilən dövlət büdcəsi əjdaha kimi Neft Fondunun vəsaitlərini bu ildən başlayaraq udmaqla məşğuldur.
Faktiki olaraq bu il üçün Neft Fondunun vəsaitlərinin ən azı 3 milyarda qədər azalacağı şübhəsizdir; hələ il başa çatmayıb, bilmək olmaz, bəlkə də növbəti 9 ayda “valyuta məzənnələrinin dəyişməsi” daha bir-iki milyardı aparacaq. Sonra? Bəs, gələn il “iri sosial layihələrlə” şişən və basılıb yeyilən dövlət büdcəsi Neft Fondundan nə qədər götürəcək? Axı, neft istehsalında və ixracında azalmalar var, deməli, Neft Fondunun gəlirləri ildən-ilə azalır. Bunun qarşılığında yenə də Fonddan dövlət büdcəsinə transferlər artacaqsa, 5 ildən sonra ölkəni hansı fəalkət gözlədiyni təsəvvür edirsinizmi?
Ölkədə vergi verəsi sahibkarların, iş adamlarının ovuna çıxanda, istehsalatı monopoliyaya alanda və iri oliqarxlar büdcə ödənişlərini vecə almayanda, “sürətli inkişaf” yalnız neft gəlirlərinin talanması üstündə qurulanda nəticə elə belə də olmalıydı…