Onu bu vəzifədə ARDNŞ-nin şöbə müdiri Asif Ağayev əvəzləyib
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov vəzifəsindən azad olunub. Məlumatı “Media forum” saytına Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov verib.
Siyavuş Novruzov bildirib ki, prezident İlham Əliyev Asif Məmmədovun vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb. Dövlət başçısının bugünlərdə məmurlara xəbərdarlıq etdiyini vurğulayan Siyavuş Novruzov xatırladıb ki, Asif Məmmədov son iki gündə vəzifəsindən çıxarılan ikinci icra başçısıdır. Fevralın 14-də prezident İsmayıllı Rayon İcra Hakimiyyəti rəhbərliyini dəyişib.
Siyavuş Novruzov Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə kimin təyin olunduğu barədə “Media forum”a məlumat verməyib.
“Azadlıq”ın əldə etdiyi məlumata görə isə, PA rəhbərinin müavini Zeynal Nağdəliyev Şamaxıda olub və yeni icra başçısını təqdim edib. Yeni başçı ARDNŞ-in şöbə müdiri olmuş Asif Ağayev təyin edilib.
Onu da qeyd edək ki, işdən çıxarılan icra başçısının qardaşı İqbal Məmmədov deputatdır. O, həm də “Kaspi-Yıldız” şirkətinin sahibidir.
Bəzi məlumatlara görə, Asif Məmmədov prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova yaxın şəxsdir. Onun qardaşı isə İqbal Məmmədov isə fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxs kimi tanınır.