Rasim Musayevlə Elmar Vəliyev arasında davanın təfərrüatı “Azadlıq”da
Ramil Usubov polis rəisini niyə Gəncədən uzaqlaşdırmaq məcburiyyətində qaldı? Baş verənlərin kökündə nə dayanır?
Gəncə Şəhər Baş Polis Idarəsinin rəisi, general-mayor Rasim Musayev tutduğu vəzifədən azad edilib. “Azadlıq”a daxil olan məlumata görə, Rasim Musayevin işdən azad edilməsi onun fəaliyyətilə bağlı deyil. O, polis rəisi kimi vəzifəsinin öhdəsindən gəlib. Gəncədə cinayətkarlığa qarşı mübarizədə hər hansı uğursuzluq müşahidə edilməyib. Məlumatlara görə, generalın işdən çıxarılmasına səbəb onunla icra başçısı Elmar Vəliyev arasında ziddiyyətlərin pik həddə çatması olub.
Məlumatlarda bildirilir ki, Rasim Musayevlə Elmar Vəliyevin münasibətləri ilk gündən ürəkaçan olmayıb. Bunun kökündə isə daxili işlər naziri Ramil Usubovla prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov arasında ziddiyyətlərin olması dayanır. Rasim Musayev daxili işlər nazirinin, Elmar Vəliyev isə Bəylər Əyyubovun yaxın çevrəsinə daxildir. Yeri gəlmişkən, bir neçə il əvvəl Bəylər Əyyubovun yaxın qohumu Xosrov Həsənovla Rasim Musayev arasında insident baş vermişdi. Xosrov Həsənov hətta polis rəisinin üstünə silah da çəkmişdi. Rasim Musayevin baş verənləri dərhal ictimailəşdirməsi Xosrov Həsənovun məsuliyyətə cəlb edilməsilə nəticələndi. Lakin o, az vaxtdan sonra azad edildi.
Məlumatlarda bildirilir ki, Rasim Musayevlə Elmar Vəliyevin konflikti hətta əlbəyaxa səviyyəsinə çatıb. Bu baxımdan Ramil Usubov generalı Gəncədən uzaqlaşdırmaq məcburiyyətində qalıb. Görünür, daxili işlər naziri indiki vaxtda Bəylər Əyyubovla ziddiyyətlərin daha da alovlanmasını istəməyib.
Rasim Musayevin işdən çıxarılması ilə başqa mülahizələr də mövcuddur. Həmin mülahizələrə görə generalın Gəncədən uzaqlaşdırılmasının Sumqayıt polisində dəyişikliklərdən sonra baş verməsi təsadüfi deyil. Ramil Usubov Sumqayıt polisinin rəhbərliyinə Interopol-un keçmiş rəisi Sahib Mirzəyevi gətirib. Nəsimi polisində rəis müavini çalışan Süleyman Nemətov isə ona müavin təyin edilib. Həm Sahib Mirzəyev, həm də Süleyman Nemətov Ramil Usubova yaxın şəxslərdir. Və hər iki şəxs kifayət qədər inadkar adam xarakterizə edilir. Onların Sumqayıta gətirilməsi polisin icra başçısı Eldar Əzizovun asılılığından qurtarmaq kimi dəyərləndirilir. Paşayevlərə yaxın şəxs olan Eldar Əzizovun hakimiyyətdəki mövcud qarşıdurmanın (Paşayevlər-Mehdiyev) fonunda polisə təsir imkanının olması Ramil Usubovun təmsil olunduğu komandaya (Ramiz Mehdiyevin komandası) sərf edə bilməz. Bu baxımdan Sumqayıt polisinin rəhbərliyinə iddialı və icra başçısının təsirinə düşməyəcək şəxslərin gətirilməsi daha məqsədəuyğun hesab edilib.
Bakıdan sonra iki böyük şəhərdə – Sumqayıt və Gəncədə polisin tamamilə Ramil Usubovun nəzarətində olması güman ki, rəqib qruplaşmanı narahatlığına səbəb olub. Nəticədə heç olmasa Gəncədə dəyişiklik edilməsinə çalışılıb. Yeri gəlmişkən, Gəncə polisinin rəhbərliyinə Ismayıllının polis rəisi Nizami Qocayevin gətiriləcəyi bildirilir. Nizami Qocayev Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovla qohumdur. Fuad Ələsgərov isə anti-Mehdiyev komandasında təmsil olunur.