Hakimiyyətdə parçalanma, cəmiyyətdə patoloji narazılıq və beynəlxalq birliyin sərt mövqeyi
Ramiz Mehdiyevlə mübarizəyə başlayan ölkə başçısı əsas problemləri niyə görməzdən gəlir?
Dövlət başçısı Ilham Əliyev Prezident Administrasiyasında şöbə müdirlərini Ramiz Mehdiyevə müavin təyin etməklə və sabiq polis rəisi Məhərrəm Əliyevə vəzifə verməklə ictimai diqqəti hakimiyyət daxilindəki duruma yönəltdi.
Seçki ilində kulminasiya həddinə çatan bu çəkişmələr hakimiyyətin taleyi üçün böyük təhlükələr yaradır. Daxili narazılıqlar iqtisadi mənafelər, sərvət bölgüsü, büdcədən pay uğrunda mübarizə mərhələsini çoxdan keçib. Neft gəlirlərinin azaldığı, hakimiyyətə qarşı beynəlxalq izolyasiyanın formalaşdığı hazırkı məqamda rejimin əsas sütunlarını təşkil edən məmur oliqarxiyası gələcəyindən narahat olmağa başlayıb. Ilham Əliyevin apardığı daxili-xarici siyasət onların narahatlığını günü-gündən artırır.
Əliyev təhlükəni başa düşür, amma…
Əliyev də rejimin böyük təhlükələrlə üzləşməsinin fərqindədir. Bilir ki, hakimiyyətin qarantı olan faktorlar onun planlarının əleyhinədir. Beynəlxaq birliyin sərt mövqeyi, cəmiyyətdəki patoloji narazılıq və hakimiyyət daxilində parçalanmalar yaxın gələcəkdə məntiqi sonluqla nəticələnə bilər. Yəni rejimin iflasını şərtləndirəcək.
Beynəlxalq birliyin mövqeyini dəyişmək Əliyevin imkanları xaricindədir, bu şans xeyli əvvəllər itirilib.
Xalqın hakimiyyətdən narazılığını azaltmaq da mümkün deyil. Gərək rejim mahiyyətini dəyişsin, dərin iqtisadi, siyasi islahatlar aparsın, bu da real görünmür. Ilham Əliyev polis rejimi yaratmaqla hakimiyyətini daxili təhlükədən sığortalamağa çalışır. Getdikcə bütün siyasi azadlıqlar məhdudlaşdırılır, total nəzarət sistemi bərqərar edilir, müxalifətə qarşı repressiyalar şiddətlənir. Hələlik bu tədbirlər cəmiyyətdəki narazılıqları boğmağa kifayət edir.
Əliyev nə etməyə çalışır?
Ilham Əliyev növbəti təhlükəni necə neytrallaşdırmağı götür-qoy edir. PA-dakı son yerdəyişmələr bunun göstəricisidir. Ramiz Mehdiyevə müavin təyin olunan məmurların heç biri yeni sima olmasa da, onların əksəriyyətini regional mənsubiyyətləri birləşdirir. Eyni zamanda hakimiyyətdən vaxtilə Mehdiyev qrupunun təzyiqi ilə “vurulmuş” M.Əliyev yüksək post və yeni rütbə ilə mükafatlandırılır.
Görünür, I.Əliyev Naxçıvan klanının itirilmiş mövqelərini qismən bərpa etməklə onları sakitləşdirmək istəyir. Amma Əliyev üçün klanın bütün maraqlarını təmin etmək çətindir. Çünki o hakimiyyətə gətirildikdən sonra atasının komandasının maraqlarını tapdalayıb, hakimiyyətdə Paşayevlər qrupunun təşəkkül tapmasına, onun hegemon iqtisadi, siyasi mövqelər qazanmasına hərtərəfli dəstək verib. 2005-ci ildən başlayan mülkiyyətin yenidən bölüşdürülməsi, iqtisadi mənafelərin sərhədlərinin müəyyənləşməsi prosesində Paşayevlər hüdudsuz imkanlar qazandılar. Böyük neft gəlirlərinin dövründə hakimiyyətdəki naxçıvanlıların, Qərbi azərbaycanlıların həm siyasi, həm də iqtisadi maraqları nəzərə alınmadı.
Hazırda Paşayevlər ölkənin maliyyə sferasını, gəlirli biznes sahələrini, təbii sərvətləri, idxal, ixrac sahələrini nəzarətdə saxlayır. Vergi, gömrük, büdcə gəlirləri, kölgə iqtisadiyyatı, ölkə boyu toplanan xəraclar da həmin qrupun nüfuz dairəsinə daxildir.
Paşayevlər siyasi idarəetmədə də söz sahibidir. Əksər məsələlərdə onların mövqeyi həlledici olur. Amma bu sahədə PA rəhbəri Ramiz Mehdiyev Paşayevlərə müqavimət göstərməyə çalışır. O, son 5 ildə istər inzibati idarəetmədə, istər parlamentdə, istərsə də məhkəmə hakimiyyətində mövqelərini xeyli dərəcədə itirib.
R.Mehdiyev naxçıvanlıların lideri olmasa da, Əliyevin, Paşayevlərin basqılarına qarşı mübarizədə özünü klanın maraqlarının təmsilçisi kimi təqdim etməyə cəhd göstərir.
Mehdiyevə güzəşt olmayacaq
Proseslərin inkişafı göstərir ki, Əliyev Ramiz Mehdiyevə birmənalı güzəştə getmək niyyətində deyil. Amma seçkilər ilində o elə üsulla zərərsizləşdirilməlidir ki, bu qərardan rejimin mövqeləri sarsılmasın.
Hazırkı gərgin dönəmdə R.Mehdiyev siyasi fiqur olaraq bir neçə anlamda Əliyev üçün arzuolunmazdır.
1.Əliyevin Rusiya ilə münasibətləri gərginləşib. Moskva ilə daim sıx əlaqədə olan Mehdiyevin hakimiyyətin maraqları üçün əhəmiyyəti azalıb, eyni zamanda o, siyasi təzyiq mənbəyi kimi təhlükəli fiqura çevrilib.
2.R.Mehdiyev Paşayevlərin namizədinin seçkilərdə iştirakına qarşıdır və özünün namizədliyini təklif edir. Bir neçə ay əvvəl onun növbəti prezidentliyə iddiaçı olması xəbəri mediaya ötürülmüşdü. Əliyev yuxarıda göstərilən səbəbdən bunu qəbul edə bilməz.
3.Qərb və Türkiyə daim Ramiz Mehdiyev faktorundan narahatlığını gizlətməyib. Amma Əliyev həmişə bu barədə işarələri görməzdən gəlib. Indi 3-cü prezidentliyə, yaxud hakimiyyətin qalmasına Qərbin razılığını almaq üçün R.Mehdiyev yaxşı qurban kimi nəzərdən keçirilə bilər.
Təbii ki, Əliyev ağır seçim qarşısındadır, o həm R.Mehdiyevi zərərsizləşdirməli, həm də Naxçıvan klanının dəstəyini qazanmalıdır. O, PA-da yerdəyişmələr etməklə və Məhərrəm Əliyevi irəli çəkməklə ilk addımı atıb. Amma bununla irəli getmək mümkün olacaqmı?
Mehdiyev nə təklif edir?
Ramiz Mehdiyev son açıqlamaları ilə müqavimət göstərəcəyini və Əliyevin planlarına mane olacağını anons edib. O, PA-dakı yeni müavinlərinin ona köməkçi statusunda gördüyünü açıqlayıb. Yəni mənim hakimiyyətdən kənarlaşmaq niyyətim yoxdur.
R.Mehdiyev I.Əliyevin namizəd olacağını qəti söyləməməklə bir neçə mesaj verib.
1.Əliyev hakimiyyətdə aparıcı rəhbər olaraq qalmağa çalışır, amma seçkilərdə başqa namizədin irəli sürülməsi istisna deyil.
2.Hakimiyyətə xaricdən güclü təzyiqlər var, bu da namizədin kim olacağı barədə tərəddüdlər yaradıb.
PA rəhbəri həm də o mesajı verir ki, I.Əliyevin 3-cü dəfə prezident olması bilavasitə ənənəvi konfiqurasiyanın qalmasından asılıdır. Yəni hazırkı status-kvo onların xeyrinə dəyişdirilir, seçkini yenə PA keçirir, icra və güc strukturları köhnə qaydalarla öz vəzifələrini yerinə yetirir, müxalifət də həmişə olduğu kimi zor və saxtakarlıq yolu ilə meydandan sıxışdırılıb çıxarılır.
Mehdiyevin mövqeləri ölkədə bu situasiya yarananda güclü olur və o da bu səbəbdən konfiqurasiyanın dəyişdirilməsinə qarşı çıxır. Əlbəttə, I.Əliyevin başqa seçimi yoxdur, onun atdığı addımlar təsdiqləyir ki, seçkini namizədin kim olacağından asılı olmayaraq zor və saxtakarlıq şəraitində keçirməkdə qərarlıdır. Amma bunu R.Mehdiyevsiz də etmək mümkündür, sistem PA rəhbəri olmadan da bu vəzifənin öhdəsindən gələ bilər.
Sistemin aciz qaldığı əsas problem beynəlxalq güclərin onun əleyhinə olmasıdır. Bu həlledici faktoru dəyişmək dünyanın yeni şərtləri qarşısında mümkünsüz görünür.
Siyasət şöbəsi