İvanişvili tariflərin aşağı salınmasına nail olacaqmı?
Məhəmməd Talıblı: «Azərbaycan tərəfi Gürcüstanda fəaliyyətini davam etdirmək üçün fərqli siyasət həyata keçirməlidir»
Gürcüstanda yeni hökumətin fəaliyyətə başlamasından sonra ARDNŞ-nin bu ölkədəki gələcək fəaliyyətinin təftişinə başlanılıb. Baş nazir Ivanişvili ARDNŞ-lə müqaviləyə yenidən baxılacağını, şirkətin əhaliyə satdığı qazın tariflərinin azaldılacağı barədə bəyanatlar yaydı.
Bunun ardınca ARDNŞ prezidenti Rövnəq Abdullayev Gürcüstana səfər etsə də, görünür, istədiyi nəticəni əldə edə bilməyib. Çünki Ivanişvili yenidən ölkə daxilində tariflərin yüksək olmasına toxunaraq bu problemin həllinin vacibliyindən danışıb.
Gürcüstan tərəfi həmçinin “SOCAR-Georgia” şirkətinin xətti ilə bu ölkənin qazpaylayıcı infrastrukturuna qoyulmuş investisiya xərclərini araşdırmaq üçün xüsusi komissiya formalaşdırmaq niyyətindədir. Bu da Ivanişvilinin “SOCAR-Georgia” tərəfindən investisiya xərclərinin şişirdildiyindən şübhələndiyinə işarədir. Vəziyyətin bu həddə çatması ARDNŞ-i narahat etməyə bilməz. Hətta qurumun artıq seçim qarşısında qaldığını da ehtimal etmək olar, yəni tariflər aşağı salınmayacağı təqdirdə şirkətin Gürcüstandakı fəaliyyətində olan neqativ faktlar üzə çıxacaq. Belə olan halda Dövlət Neft Şirkəti Gürcüstana güzəştə gedə bilərmi?
Iqtisadçı-ekspert Məhəmməd Talıblı güzəştin olacağını istisna etmir. SOCAR-ın Gürcüstandakı fəaliyyətində spekulyasiyaya yol verdiyi üzə çıxsa, Azərbaycan tərəfi güzəştə getməli olacaq. Ancaq Gürcüstanda yanacaq Azərbaycan bazarından ucuz satılsa, ölkə içində müxtəlif reaksiyalar doğura bilər.
Ekspertin sözlərinə görə, SOCAR daha çox öz imicini qorumaq haqqında düşünür və Gürcüstanla tərəfdaşlıq münasibətlərini davam etdirmək istəyir. Bu münasibətlərin davam etdirilməsi isə məhz Azərbaycan tərəfinin güzəştindən, eyni zamanda qarşılıqlı maraqların təmin olunmasından keçir. Ona görə də Azərbaycan tərəfi danışıqlarda əvvəlkindən fərqli mövqe nümayiş etdirməyə məhkumdur. Gürcüstanın apardığı araşdırmaların nəticəsində ölkəmizin güzəştə gedib-getməyəcəyini bilmək olar.
Ekspert hesab edir ki, istənilən halda Azərbaycan tərəfi Gürcüstanda fəaliyyətini davam etdirmək üçün fərqli siyasət həyata keçirməlidir. Hətta SOCAR prezidenti Ivanişvili ilə görüşdə bu ölkədə reinvestisiya siyasəti həyata keçirəcəyini deyib. Yəni SOCAR-ın Gürcüstanda əldə etdiyi gəlirlərin əhəmiyyətli bir hissəsi yenidən investisiya şəklində bu ölkə iqtisadiyyatına qoyulacaq. Bu da əslində Azərbaycan tərəfinin dolayı güzəşt siyasətidir. Çünki həmin gəlirlər Azərbaycan iqtisadiyyatına da cəlb oluna bilər. Ancaq Gürcüstan tərəfi SOCAR-ın gəlirlərinin ölkə iqtisadiyyatından kənara çıxarılmasında maraqlı deyil. Ona görə Azərbaycanın bundan sonra hansı güzəştlərə gedəcəyi danışıqların növbəti raundundan asılı olacaq. Azərbaycan tərəfinin tariflərin endirilməsi ilə bağlı hansı şərtlər daxilində Gürcüstana güzəşt edəcəyi onda məlum olacaq.
Fizzə