Abituriyentlər arasında 56 yaşında olan da var
Bu gün 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə 3-cü ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək. TQDK sədrinin müavini Namiq Babayev dünən keçiridiyi mətbuat konfransında bildirib ki, imtahan respublikanın 6 şəhərində – Bakıda 30, Naxçıvanda 3, Gəncədə 7, Sumqayıtda 6, Şəkidə 4, Lənkəranda 4 binada keçiriləcək. Orta ümumtəhsil müəssisələrindən 2361 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 220 imtahan rəhbəri cəlb olunacaq.
N.Babayev qeyd edib ki, imtahanın gedişini işıqlandırmaq üçün 70-dək KIV nümayəndəsi TQDK-da qeydiyyatdan keçib. Bu il 3-cü qrup üzrə 30831 abituriyent ərizə təqdim edib. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 135 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1956-cı, ən gənc isə 1997-ci ildəndir. Bakıda 17797, Naxçıvanda 2140, Gəncədə 3585, Sumqayıtda 3600, Şəkidə 1846, Lənkəranda 1863 abituyent imtahan verəcək. Imtahan bütün binalarda eyni vaxtda- saat 11.00-da başlayacaq və 3 saat ərzində aparılacaq.
Imtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən 3-cü ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Bu gün saat 19.00-da “Space” telekanalında canlı yayımlananan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları açıqlanacaq.
Imtahanda istifadə olunan sualların düzgün cavabları eyni zamanda TQDK-nın saytında da yerləşdiriləcək. Imtahan verən abiturieyntlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatları həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər. Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq. Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssislərinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub orta ixtisas təhsili müəssilərinin ixtisaslarını seçə bilərlər.