Əsaslı təmir olunan Gənc Texniklər Stansiyasının binası Prezidentə yeni uşaq bağçası kimi təqdim edilib
Yenidən qurulan binanın Heydər Əliyev Fondunun “təşəbbüsüylə ərsəyə gəldiyinə” dair ziddiyyətli fikirlər var
Sirr deyil ki, uşaqların düzgün inkişafında, gündəlik rejimlərinin formalaşmasında, ictimai mühitə alışmasında, sərbəstliyə öyrəşməsində və nəhayət, məktəbə hazırlığında bağçalar mühüm rol oynayır. Ancaq bu da bir reallıqdır ki, ölkədəki uşaq bağçaları onlara olan tələbatın 30-40 faizini ödəmir. Bu gün valideynlərə dövlət uşaq bağçalarında yer tapmaq dəryada balıq sevdasından başqa bir şey deyil. Rəsmilər bunu inkar etsələr də, problem göz önündədir. İstər Bakıda, istərsə də əyalətdə bağça problemi aktual olaraq qalır. Uşaq bağçaları yerlərdə şəhər və rayon icra hakimiyyətlərinin tabeliyinə verildikdən sonra da problem nəinki həllini tapmadı, hətta bir qədər də dərinləşdi.
Sanki hər kəs bağçanın yerlə-yeksan olacağını gözləyirdi
Mingəçevir şəhərindəki 7 saylı “Günəş” körpələr evi-uşaq bağçası şəhərin ilk və ən nümunəvi məktəbəqədər tərbiyə müəssisələrindən biri olub. Bağça düz 60 il şəhərin tam mərkəzində – dörd bir yanı bağ-bağat olan M.F.Axundov küçəsi, 6a ünvanda fəaliyyət göstərib. Təkcə elə bu amilinə görə zaman-zaman bu bağçanın ərazisinə diş qıcayan məmurlar olub. Lakin hər dəfə də istəkləri gözlərində qalıb.
Bir korpusdan ibarət bağçada 2 qrup üzrə 40 uşağın tərbiyə alması nəzərdə tutulsa da, reallıqda bu rəqəm daha artıq olub. Yeri gəlmişkən, bağçadakı mövcud 2 qrupun rusdilli olması bura olan tələbatın ilbəil artmasına gətirib çıxarıb. Bağçada tərbiyə alanlar sırasında Mingəçevirlə yanaşı, qonşu Yevlax rayonunun Mingəçevirə yaxın yaşayış məntəqələrinin balaca sakinləri də olub. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, cəmi bir korpusdan ibarət bağçanın sovetlərin süqutundan sonra nə cari, nə də əsaslı təmir olunmaması illər boyu heç kimi narahat etməyib. Sanki hər kəs bağçanın yerlə-yeksan olacağı günü gözləyirdi. Halbuki tələbatın çox olduğunu və ərazisinin imkan verdiyini nəzərə alaraq bağçanın köhnə və qəzalı korpusunun yerində daha müasir, geniş, 2-3 mərtəbəli yeni bina inşa etmək mümkün idi.
Uşaq bağçalarının qapısını bəzəyən elan: “Bağçada yer yoxdur!”
Bu gün Mingəçevirdə uşaq bağçalarına tələbat olduqca yüksəkdir. Valideynlər uşaqlarını bağçaya qoymaq üçün növbəyə yazılırlar. Bu cür növbələr isə çox vaxt bitib-tükənmir. Şəhərin, demək olar, bütün uşaq bağçalarının qapısını bir elan bəzəyir: “Bağçada yer yoxdur, bununla bağlı müdiriyyəti narahat etməməyiniz xahiş olunur”.
Doğrudur, bəzi bağçalar yuxarıdan gələn zəng, tapşırıq və ya müəyyən məbləğin qarşılığında uşaq qəbul edirlər. Lakin bu heç də hamıya müyəssər olmur. Yeri gəlmişkən, haqlı narazılıq doğuran məsələlərdən biri də dövlət bağçalarında yerlərin dolması bəhanəsi ilə valideynlərdən rüşvət tələbidir. İddialara görə, bəzən körpələr evi-uşaq bağçasına, yerindən asılı olaraq, bir uşağı yerləşdirmək üçün valideyn 50-100, hətta 200 manatından keçməli olur.
Prezident nəyin açılışını edib?
2013-cü ilin sonunda Mingəçevir şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni uşaq bağçasının tikintisinə başlanması barədə xəbərlər yayıldı. Təbii, xəbər yerli sakinləri sevindirməyə bilməzdi. Beyinlərdə ərazisində onsuz da boş torpaq sahəsi olmayan şəhərdə yeni bağçanın harada tikiləcəyi barədə suallar dolaşarkən qərar hamı üçün gözlənilməz oldu. Yeni bağça üçün 1993-cü ilədək normal, məcburi köçkünlər məskunlaşdıqdan sonra formal olaraq fəaliyyət göstərmiş Mingəçevir şəhər Gənc Texniklər Stansiyasının inzibati binasının seçildiyi məlum oldu. Başqa sözlə, məcburi köçkünlər onlar üçün salınmış yeni qəsəbəyə köçürüldüyündən boş qalmış binada əsaslı təmir işlərinin aparılması və oranın Heydər Əliyev Fondunun təşəbbüsüylə inşa olunmuş uşaq bağçasına çevrilməsi qərara alındı.
Yeri gəlmişkən, inşası az qala “ümumşəhər tikintisi” elan olunmuş bağçanın fondun vəsaiti hesabına ərsəyə gəlməsi barədə ziddiyyətli fikirlər bu günədək səslənməkdədir. Lakin istənilən halda, görünən odur ki, gənc texniklər stansiyası “Heydər Əliyev Fondunun təşəbbüsüylə” inşa edilmiş “uşaq bağçası”na çevrildi.
Prezident İlham Əliyev 2015-ci il fevralın 24-də Mingəçevirə səfəri çərçivəsində uşaq bağçasının açılışında iştirak edərək bağçanın rəmzi açılışını bildirən lenti kəsdi. Açılışda dövlətin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə Azərbaycanın gələcəyi olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılması, bu istiqamətdə dövlətin gördüyü işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun mühüm töhfələr verməsi barədə fikirlər səsləndirildi. Prezidentə bildirldi ki, yeni uşaq bağçası 120 yerlikdir. İnşasına 2014-cü ilin aprelində başlanılıb. Uşaq bağçasının foyesində mərhum prezident Heydər Əliyevin, dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Bağçada məşğələ, oyun, tibb otaqları var. Kompüter, rəsm, şahmat otaqları da balacaların ixtiyarında olacaq. O da qeyd olundu ki, ikimərtəbəli binada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait qurulub. Bağçada həmçinin qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları rəhbər tutulub, uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar açılıb, bütün otaqlar lazımi avadanlıqla təchiz edilib.
Adətən bu cür açılışlarda iştirak edən dövlət başçısına ərazinin tikinti başlamazdan öncəki və hazırkı görkəmini əks etdirən foto-sərgi təqdim olunur. Lakin bu dəfə belə olmadı. Əgər bu baş versəydi prezident bağçanın nə cür ərsəyə gətirilməsi barədə azacıq da olsa məlumatı olardı.
“Ayının min oyunu bir armudun başındaymış…”
Bağçanın qırmızı lenti kəsilsə də, qapısı aylarla bağlı qaldı. Bu da səbəbsiz deyildi. Çünki bağçayla bağlı tələb olunan bütün lazımi sənədlər, ştat cədvəli və s. hazır deyildi. Bu arada işsizlik məngənəsində boğulan yüzlərlə şəhər sakini yeni bağçada işə düzəlmək ümidiylə növbəyə durmuşdu. Lakin açılışdan aylar sonra gözlənilmədən (kim bilir, bəlkə də bu, öncədən planlaşdırılmışdı – A.) fəaliyyətdə olan 7 saylı uşaq bağçasının yeni bağçaya köçürülməsinə qərar verildi. Bu xəbər həm valideynlərin, həm də bağçanın o qədər də böyük olmayan kollektivinin narazılığına səbəb olsa da, qərar artıq verilmişdi. Köhnə bina onsuz da qəzalı vəziyyətdə idi. Ancaq həmin binanın bərpası üçün heç bir addım atmadan, şəhərdə guya ki, yeni bağça binasının tikildiyinin bəyan edilməsi və bunun ölkə başçısına da məhz bu cür təqdim olunması heç cür anlaşılan deyildi.
Yeri gəlmişkən, yeni bağçayla bağlı Mingəçevir şəhər İcra Hakimiyyətinin rəsmi veb-saytında heç bir məlumat yoxdur. Viran qalmış 7 saylı uşaq bağçasıyla bağlı məlumatlar isə olduğu kimi qalıb (http://mingechevir-ih.gov.az/page/15.html). Halbuki 7 saylı bağça “Dostluq” parkının (yeri gəlmişkən, son bir neçə ildə Mingəçevirin yeganə və ən böyük istirahət mərkəzi
olan “Dostluq” parkının başına gətirilənlər ayrı bir yazının mövzusudur, bu haqda növbəti saylarımızda – A.) ərazisində fəaliyyət göstərir.
Vaxtilə Azərbaycanın Dövlət himninin oxunduğu, Vətən, ana haqqında şeirlərin, mahnıların səsləndiyi, uşaq gülüşlərinin başına götürdüyü bağça binası və həyəti hazırda xarabazarlığı xatırladır. Sözsüz, bu da müvəqqətidir. Ərazinin “yeni sahibi”, yəqin ki, əlində bütün zəruri sənədlər pusquda dayanıb məqamını gözləyir…
Azər