Hökumətimiz bu dəfə də Burkino-Fasonu xilas edəcək
Vəziyyət həm gülməlidir, həm də ağlamalı. Hər gün elə xəbərlər eşidirk ki, əlimiz yerdən-göydən üzülür. Ölkə hər gün böhranla silkələnir, hər gün ixtisarlar baş verir, hər gün milli valyuta dəyər itirir, hər gün hansısa bank iflas olduğunu elan edir, hər gün intihar halları baş verir, hər gün ölkədən pul axınının şahidi oluruq, hər gün qiymət artımı ilə üzləşirik və.s Amma hər gün hökumət vətəndaşa absurd vədlər verir, hər gün yalançı inkişaf nağıllarına qulaq asırıq, hər gün islahatlardan dəm vururlar.
Son olaraq da xalq xəbər verdilər ki, Azərbaycan Burkina-Fasoya investisiya yatırmaq niyyətindədir. Bəli, əsl tragikomediyanın şahidi oluruq. Ölkə batır, dünyaya düşüb pul axtarırlar, qənaət rejiminə keçdiklərini bildirirlər, o biri tərəfdən də səxavət nümayiş etdirirlər. Ölkə başçısı xaricdəki iş adamlarını Azərbyacana pul yatırmağa çağırır, icra başçılarına yerli iş adamlarını ölkəyə cəlb etmək tapşırığı verilir, o biri tərəfdən Burkino-Fasoya investisiya yatırmaq eşqinə düşüblər.
Bəli, energetika naziri Natiq Əliyev deyib ki, biz iqtisadi inkişafa nail olmuşuq və Burkino-Faso prezidentinə öz xidmətlərimizi təklif etdik: “Biz azərbaycanlılar çətin yol keçmişik və bu gün biz dünya tərəfindən tanınan qənaətbəxş iqtisadi inkişaf səviyyəsinə nail olmuşuq. Çox qısa vaxt ərzində biz ölkəmizdə əhalinin həyat səviyyəsini yaxşılaşdırmış, ölkəmizdə yaşayış səviyyəsini dünya standartları səviyyəsinə yüksəltmişik. Burkina-Faso prezidenti ilə görüşdə bu mövzular ətrafında fikir mübadiləsi apardıq. Mən ona dedim ki, bütün bunlar yaxşı idarəçilik və əzmkarlıq sayəsində mümkün olub”-deyə Natiq Əliyev bildirib.
Yuxarıda da qeyd etdiyim kimi vəziyyət həm gülməlidir, həm də ağlamalı. İqtisadiyyatın yol xəritəsini hazırlamaq üçün “McKinsey” şirkətini kiraləyən hökumət, burkino-Fasoya iqtisadi inkişafın yollarını təklif edir. Bir ildə milli valyuta 110 faiz dəyər itirib, 2.5 milyon əhali kredit borcu ödəyir, ölkədə minimum əməkhaqqı 105 manatdır, yüzlərlə iş adamının vergi borcunu ödəyə bilmədiyi üçün ölkədən çıxşına qadağa qoyulub, 25 milyard dolarlıq büdcə 10 milyard həddinə salınıb və belə bir ölkənin hökuməti bədbəxt Burkino-Fasoya yaxşı həyatın yollarını başa salır.
Bir məsəldə deyildiyi kimi, özlərinə umac ova bilmirlər, özgələrinə əriştə kəsirlər. Əslində, bizim hökumətimiz dünyaya sürətli iqtisadi çöküşün nümunəsini göstərə bilər, varlı ölkəni səfil vəziyyətə salmağın yollarını öyrədə bilər.
Müxtəsər, hökumətimiz böhrandan çıxmağın yeni yollarını axtarmaqdadır. Afrika ölkələrinə sərmayə yatırmaqla, ölkəmizi xilas edəcəyik. Pambıq, tut tingi və Burkino-Fasoyla əməkdaşlıq iqtisadi inkişafın təməlini qoyacaq.
Bəli, dünya bizim günümüzə ağlayır, biz isə Bolqarıstanda xarabalıqları abad edirik, Burkino-Fasoya sərmayə yatırırıq. Ölkə vətəndaşı isə yaşamaq uğrunda mübarizə aparır, aclıqla sınağa çəkilir. Hökumətimiz əvvəlcə Afrikalıların qarnını doyurmaq niyyətindədir. Çünki, bizim hökumətimiz tolernat və multikulturaldı.
İlham