“Bu gün açıq nömrədən mənə zəng edərək “nə yazırsan?” deyə açıqca ölümlə hədələyiblər və dərhal bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişəm. Həmin xidmətdən mənə bildiriblər ki, bir azdan əməkdaşlarımız sizinlə əlaqə yaradacaqlar. Məlumat verərkən AXCP sədrinin müavini olduğumu da bildirmişəm. 4 saatdan çox keçməsinə baxmayaraq hələ də Daxili İşlər Nazirliyi bu məsələyə reaksiya verməyib”.
Bu sözləri bü gün ölümlə hədələnən AXCP sədrinin müavini Gözəl Bayramlı Facebook səhifəsində yazıb. AXCP yetkilisi daha sonra bildirib: “Bandotdel”ə çağırılıb “Nardaran işi” ilə bağlı məhkəmə prosesindən yazmamağım, Fuad Qəhrəmanlı və Tale Bağırzadəni müdafiə etməməyim, sərt yazılar yazmamağım tələb olunduqdan sonra bu gün ölümlə təhdid olunmağım sıradan bir məsələ deyil. Mən siyasi fəaliyyətimə, yazılarıma görə təhdid olunuram, DİN isə hələ də susur. Ölümlə təhdid olunmağımla DİN-in hələ də susması arasında mütləq bir əlaqə mövcuddur”.