«Mövlan Şıxəliyev olduqca böyük sirrlərə sahib adamdır»
Əyyub Kərimov: «O prokurorluğun çox böyük rütbəli şəxslərini dindirib və məsuliyyətə cəlb etmək imkanı olub»
Ləğv edilən MTN-nin Baş İstintaq İdarəsinin rəisi Mövlan Şıxəliyevin yalnız MTN-dəki fəaliyyəti deyil, ondan əvvəlki xidməti fəaliyyəti də “MTN işi” çərçivəsində araşdırılmaqdadır.
Bu barədə Moderator.az-ı özəl mənbə bilgiləndirib. Mənbənin sözlərinə görə, M.Şıxəliyevin MTN-dən öncəki fəaliyyəti ilə əlaqədar olaraq generalın keçmiş iş yoldaşları, sabiq rəhbərliyi və tabeçiliyindəki bir çox şəxslər dindirilib. Onlardan M.Şıxəliyevlə bağlı konkret suallara cavab istənilib, MTN generalı ilə bağlı fikir və təəssüratları soruşulub.
Bilgili qaynaq hesab edir ki, M.Şıxəliyevin sadəcə MTN-dəki deyil, ondan əvvəlki xidməti fəaliyyətinin də təftiş edilməsi azadlıqdakı MTN generalı üçün hazırlanan aqibətlə bağlı yaxşı heç nə vəd etmir. Görünən odur ki, hazırda azadlıqda olmasına baxmayaraq M.Şıxəliyevin adı “MTN işi”ndə kilid isimlərdən biri olaraq qalmaqdadır. Hansı ki, M.Şıxəliyevlə bağlı yekun siyasi qərar veriləcəyi təqdirdə MTN generalının həbsi bir anın içində reallaşa bilər.
Amma M.Şıxəliyevin hələ də istintaqa cəlb edilməməsi, ondan ifadə alınmaması maraq doğurur. Bunun arxasında hansı səbəblər dayana bilər?
Ekspert Əyyub Kərimov bildirdi ki, MTN-in sabiq istintaq rəisi vaxtı ilə bu strukturda böyük fiqur olub. «Qara kəmər» əməliyyatının MTN-in ilk böyük uğuru sayıldığını deyən Ə.Kərimov bildirdi ki, 2004-cü ildə E.Mahmudov MTN-ə gələn zaman M.Şıxəliyev həm Respublika Prokurorluğunda, həm də DİN-də olan çox böyük vəzifəli şəxsləri dindirib: «Həmin dindirmələr zamanı da Mövlan Şıxəliyev bu strukturların rəhbərlərinə qarşı xeyli ifadə alıb. Kim birinci ifadə alıbsa, daha üstün mövqeydədir. O, Respublika Prokurorluğunda çox böyük rütbəli şəxsləri dindirib və məsuliyyətə cəlb etmək imkanı olub. Deməli Mövlan Şıxəliyev onlara güzəşt edib. Dindirmə isə onlara qarşı xeyli sübut əldə edildikdən sonra baş verib. Bu faktlar Mövlan Şıxəliyevin əlindədir. O çox adamı kabinetinə gətirib dindirib. Çovdarov adamları gətirib, amma istintaqı Şıxəliyev aparıb. Mövlan Şıxəliyev olduqca böyük sirrlərə sahib adamdır. O, vəzifədə olan adamların çoxunun qohumlarını dindirib. Onda olan ən böyük sirrdə prokurorluq barədədir. Bu istiqamətdə də siyasi sifariş yoxdur».
Hikmət