Müzəffər Baxışov: «Siyasi sifariş verilə bilər ki, Əli Abbasov ümumiyyətlə məhkəmədə dindirilən şahidlər siyahısında olmasın»
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə şahidlərin siyahısında sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun adı yoxdur. Məlumatda deyilir ki, Əli Abbasov həmin cinayət işi üzrə istintaq zamanı bir neçə dəfə dindirilsə də, onun ifadəsi ittihama salınmayıb. Məhkəməyə çağırılacaq şahidlərin siyahısında da Əli Abbasovun adı yoxdur.
Bundan əlavə, Əli Abbasov barəsində cinayət işinin başlanması barədə xəbərlər də həqiqəti əks etdirmir. Həm sabiq nazir özü, həm də vəkili Kamandar Nəsibov bu barədə yazılanları təkzib edib.
Maraqlıdır ki, MTN-in sabiq rəhbərinin cinayət işinə cəlb olunmaması bir yana, Ə.Abbasovdan alınan ifadə də istintaq işinə salınmır. Bunu necə izah etmək olar? Qanunvericilik bununla bağlı nə deyir?
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, cinayət işini aparmaq, ifadə almaq Cinayyət Prosesual Məcəlləsi ilə istintaqı aparan orqana verilib. Qanunla həmin orqan müəyyən edir ki, kimi cinayət işinə cəlb edib, onun ifadəsini alsın. Daha sonra şahid qismində alınan ifadələrdən hansının məhkəməyə çıxarılması da bu orqana məxsus səlahiyyətdir: «Amma Azərbaycan reallığı tam başqa cürdür. Əgər Azərbaycanda bir nəfərə filan ittihamın verilməsi göstərişi verilirsə, sübut olmaynda belə bu ittiham verilir. Digər bir məsələdə var. O da ola bilər ki, istintaqı aparan orqan Əli Abbasovu, Eldar Mahmudovu şahid qismində dindirsin. Amma ittiham aktını tərtib edəndə ittihamı təsdiq edən faktlar olmadığına görə məhkəmə dindirilən şahidlərin siyahısına onların adını salmasın. Bunu da prokurorluqda müəyyən edirlər. Mən konkret deyə bilmərəm Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq yüksək vəzifəli şəxsləri ilə bağlı açılan cinayət işi üzrə Əli Abbasov dindirilib yoxsa-yox. Çünki bunu istintaq orqanı həyata keçirir. Ola bilər ki, dindirsin. Amma Əli Abbasovun ifadəsində ittihamı təsdin edən kifayət qədər sübutlar olmasın. Və ya istintaq orqanına siyasi sifariş verilsin ki, Əli Abbasov ümumiyyətlə məhkəmədə dindirilən şahidlər siyahısında olmasın».
Xəyal