AXCP sədri Əli Kərimli Facebook səhifəsində tanınmış aktyor Fuad Poladovun etiraz əlaməti olaraq Akademik Milli Dram Teatrından getməsinə münasibət bildirib:
“Ölkəmizin çox tanınan və sevilən aktyoru Fuad Poladovun həm də ləyaqətli ziyalı olduğunu bilirdim. Bu səbəbdən də Fuad bəyin bu hərəkəti mənə gözlənilməz gəlmədi. Fuad Poladov aktyor Hikmət Rəhimovun tənqidi fikirlərinə görə işdən çıxarılmasına etiraz edərək Akademik Milli Dram Teatrında fəaliyyətini dayandıracağını bəyan edib. Fuad Poladov geniş açıqlamalar verməsə də, böyük aktyorun bu səssiz jesti cəmiyyətdə ciddi rezonans yaradıb. Hakimiyyət anlamalıdır ki, bütün sahələrdə qırmızı xətləri keçir. Aktyor Hikmət Rəhimov işinə bərpa edilməlidir. Yaradıcı şəxslərin ən elementar yaradıcılıq azadlıqları da əllərindən alınmamalıdır. Milli Dram Teatrının səhnəsi Fuad Poladovsuz çox kasad görünəcək. Teatr Fuad bəyi itirməmək üçün hər şeyi etməlidir”.