Bu istiqamətdə məsuliyyət prokurorluğun üzərinə düşür
Müzəffər Baxışov: «Aqil Xəlilin işi üzrə də Akif Çovdarova ittiham verilməliydi»
Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov bildirib. Bu haqda Çovdarovun vəkili Kamandar Nəsibov məlumat yayıb. Çovdarov vurğulayıb ki, İlqar Əliyev döyülüb, daha sonra isə asıb öldürülüb: «Akif Çovdarov bizimlə görüşdü. Getdik rəisin yanına. Akif Çovdarov rəisə dedi ki, İlqar Əliyevi döyüb, sonra asıb öldürmüsünüz, o biri təqsirləndirilən şəxs Orxan Osmanovu döyüb, yalandan ifadə almısınız. İlqarı necə döyüb, öldürüb, sonra asıblar, hamısı dəqiqdir. Akif də deyir ki, mən bunlara etiraz olaraq özümü aclıq edib öldürəcəyəm. Eldar Mahmudova qarşı İlqar Əliyevdən ifadə almaq istəyiblər. Orxan Osmanovdan isə Akif Çovdarova qarşı ifadə almaq istəyiblər”.
Vəkil eyni zamanda deyib ki, Çovdarov məktub yazaraq, onu həbsdə öldürmək istədikləri barədə həyəcan təbili çalıb. Keçmiş MTN-çi yazıb ki, həbsxanada onun müalicəsinə imkan verilmir, əksinə yanlış dərman atdırmaqla ürəyinin dayanmasına çalışırlar. Onun yazdığına görə, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi ona müalicə təyinatı yazmağa imkan vermir.
Digər tərəfdən o da nəzərə alınmalıdır ki, Çovdarovla bağlı bütün epizodlarda E.Mahmudovun adı keçir. Amma məlum olub ki, bu epizodlarla bağlı E.Mahmudovun ifadəsi alınmayıb.
Daha bir vuprğulanmalı məqam odur ki, Çovdarovun işində ancaq sahibkarlara dəyən ziyanlar araşdırma predmeti olur? Amma nədənsə əməkdaşımız Aqil Xəlillə bağlı baş verənlər, Tağı Əhmədovdan 3 milyon alınması məhkəmə tərəfindən araşdırılmır.
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, Cinayət Prosesual Məcəllə üzrə A.Çovdarova hansı ittiham verilibsə, o ittiham üzrə də məhkəmə araşdırma aparır. Məhkəmə bu ittihamlardan kənara çıxa bilməz. Amma Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə görə, məhkəmədə A.Çovdarovun özünə işgəncə verilməsiylə bağlı məlumatlar səslənsə, məhkəmə onları araşdırmalıdır.
A.Çovdarovun və onun sözçülərinin səsləndirdiyi fikirlərə çox da əhəmiyyət verməyin tərəfdarı olmayan M.Baxışov vurğuladı ki, A.Çovdarov ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına daxil olan cinayətləri törədib: «Azərbaycan ictimaiyyəti, vətəndaşlar, mətbuat Akif Çovdarovun hərəkətlərindən əziyyət çəkirdilər. Akif Çovdarovun törətdiyi cinayətlərə görə mühakimə olunmasını normal qarşılamaq lazımdır. Akif Çovdarov kimi insanlar layiqli cəzalarını almalıdırlar. Bu tip cinayətkarlar bilməlidirlər ki, həm dövlətin, həm də Allahın müəyyən etdiyi qanunlara görə onlar nə vaxtsa cavab verəcəklər. Akif Çovdarov Azərbaycanda ən çox qanunu tapdalayan, ondan istədiyi kimi istifadə edən adam olub. Belə adamlar məsuliyyətə cəlb edilməlidir».
Əməkdaşımız A.Xəlilin işinin Çovdarova qarşı ittihamlar sırasına niyə salınmadığına gəlincə isə, M.Baxışov bildirdi ki, ola bilsin ki, bu iş üzrə cinayətə cəlb etmə müddəti keçə də bilər: «Mən konkret deyə bilmərəm. Çünki cinayət işinin materialları ilə tanış deyiləm. Əslində Aqil Xəlilin işi üzrə cinayət işinin açılması o zaman rədd edilmişdisə, artıq bu məsələlər ortaya çıxandan sonra əvvəlki qərar ləğv edilməliydi. Aqil Xəlilin də işi üzrə Çovdarova ittiham verilməliydi. Əgər cinayətə cəlb etmək müddəti keçibsə, bunu normal qəbul etmək olar. Yox əgər araşdırılma aparılmayıbsa, bunu normal qəbul etmək olmaz. Aqil Xəlilin işi üzrə də ona ittiham verilməliydi».
E.Mahmudovun hələ də məsuliyyətə cəlb olunmamasına gəlincə isə, M.Baxışov bildirdi ki, bunun üçün siyasi qərar olmalıdır. M.Baxışovun sözlərinə görə, prokurorluq o gücdə deyil ki, E.Mahmudovu özbaşına dindirsin. Bu Azərbaycan reallığıdır: «Bütün Azərbaycan bilir ki, belə məsələlər siyasi hakimiyyətin göstərişi ilə həll olunur. Biz də ona görə mübarizə aparırıq ki, Azərbaycanda hüquqi dövlət yaransın. Yalnız cinayət törədənlər məsuliyyətə cəlb olunsunlar».
Hikmət