AXCP sədri Əli Kərimli facebook səhifəsində 450 milyon dollar xərclənən, lakin işə salınmayan “Metanol” zavodundan yazıb. Yazını təqdim edirik:
Dostlar, “bunlar olmasa, bəs ölkəni kimlər idarə edəcək” deyənlər üçün yazıram. Biləsiniz ki, ölkəni daha bunlardan da pis və bacarıqsız idarə etmək mümkün deyil. Oksford Universitetinin araşdırmaçıları təkcə bir epizodun təhlilində (belə bir niyyətləri olmasa da) Azərbaycan hakimiyyətinin səriştəsizliyini, yalnçılığını, “qaz pripiskası” ilə məşğul olmasını ortaya qoyub. 2009-cu ildə Toni Bleyeri də gətirmişdilər Bakıya, tikilməkdə olan “Metanol” zavodunu reklam edirdilər. Zavodun işləri sonradan dalana dirəndi. Yox, burada mövzu zavodun direktoru Nizami Piriyevin digər iş adamları kimi bir neçə gün “bandotdel”in qonağı olması deyil.
Məsələ bundadır ki, zavodun tikintisinə 450 milyon dollar xərclənib, 100 milyon dollarla kredit verilib və zavod hazır olanda məlum olub ki, SOCAR-ın “Metanol” zavoduna satmağa qazı yoxdur (zavodda metil spirti istehsal etmək üçün istifadə olunacaq əsas xammal isə təbii qazdır). Sonra “Avropanın enerji təhlükəsizliyini təmin edən” hökumətimiz razılaşıb ki, zavod işləyə bilməsi üçün Rusiyadan ildə 2 milyard kubmetr qaz alsın (Gürcüstana satdığımız qədər!!!). Amma sonra məlum olub ki, yenə də zavod işləyə bilməyəcək. Çünki zavod tikiləndə SOCAR-dan ucuz qaz alacağına ümid edirmiş. Rusiyadan min kubmetri 180-190 dollara alınan qazla zavod ziyanla işləyər. Beləliklə, Azərbaycanda özəl sektorun ən böyük investisiya tutumlu zavodu hökumətimizin qaz yalanının və səriştəsizliyin qurbanı olmaqdadır.