Məhkəmədə şahidlərdən yalan söyləmək tələb edilir, həqiqəti deyənlər isə cəzalandırılır
Hökumət hər gün hüququn zorlanmasının yeni nümunələrini üzə çıxarır. Açıq şəkildə deyirlər ki, bizim təfəkkürümüzdə hüquq, qanun, insan haqları, ədalət anlayışı yoxdur. Həmişəki özlərini tərbiyəsiz uşaq kimi aparırlar. Bu qədər tənqid, qara siyahılara düşmək, insanların nifrət və lənətini qazanmaq bunları dayandırmır. Artıq bunlar utanmaq hissini, insane dəyərləri tamam unudublar və Alahsızlığa könül veriblər.
Aylardı “Nardaran işi”məhkəməsi gedir və məhkəmədə verilən ifadələrdən də görünür ki, hüquq adı altında insanlara dəhşətli işgəncələr verilib. Faktiki olaraq Nardaran məhbuslarına qarşı terror həyata keçirilib. Heç bir sərhəd, əxlaqi norma, insanlıq əlaməti gözə dəymir. Aydın görünür ki, ölkənin ən natəmiz adamlarına ədaləti bərpa etmək missiyası tapşırılıb. Amma hökumətin hüquqa tüpürməkliyi bununla da yekunlaşmayıb. Artıq şahid qismində ifadə verənləri də hədəf seçiblər. «Nardaran işi» üzrə oktyabrın 26-da keçirilən məhkəmə iclasında şahid qismində dindirilən və sonradan Sabunçu rayon Polis İdarəsinə aparılan iki nəfərdən hələ də xəbər yoxdur. Valeh Abbasov və Samir Babayevin yaxınları bu gün Sabunçu polisində olsalar da, idarədən adı çəkilən şəxslərin orada saxlanılmadığını bildiriblər. Yaxınları hər iki şəxsin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığını ehtimal edirlər. Məsələ burasındadır ki, Valeh Abbasov və Samir Babayev məhkəmədə dindirilərkən istintaqdakı ifadələrini təsdiq etməyiblər. Valeh Abbasov bildirdi ki, o, latın qrafikası ilə yazıb-oxumağı bacarmır. İfadədə müstəntiqin nə yazdığını bilmədən onu imzalayıb.
İndi bu adamları cəzalandırırlar ki, yalanlara imza atsınlar, şərlənərək həbs olunanların üzünə dirənsinlər. Göründüyü kimi hökumət məhkəmədə ədaləti bərpa etməyə yox, ədalətsizliyin qələbəsinin təmin etməyə çalışır. Dövlət adına, hüquq adına hər gün ləkə vurulur. Azərbaycan hakimiyyəti bütün dəyərlərə tüpürüb və şəxsi hikkəsinə, marağına görə insan taleyi ilə oynayır.
Birdəfəlik bütün hüquq müdafiə orqanları, prokurorluq, məhkəmə, istintaq ləğv edisin və kimin cəzalandırılmasına, kimin azadlığa çıxmasına açıq şəkildə Prezident Aparatı fitva versin. Yoxsa, bu qədər dövlət qurumlarını oyuncaq vəziyyətə salmaq, gülünc obyektinə çevirmək nəyə lazımdır?
Müxtəsər, bu rejim nəinki 2016-cı ilin standartlarına, heç orta əsr standartına da uyğun gəlmir. Bütöv bir xalqın və dövlətin taleyi bir qrup yarıtmaz və qəddar adamın əlindədir. Bu hakimiyyətin bütün fəaliyyəti günahsız insnaları cəzalandırmağa, xalqın yaşamaq hissini öldürməyə hesablanıb. Açıq şəkildə deyirlər ki, biz böhtançıyıq, hüquqa tüpürmüşük, bütün dəyərlərdən imtina etmişik.
Amma nə qədər zəhər töksələr də, qondarma işlərə hüquq donu geyindirə bilməyəcəklər. “Nardaran işi” bu hökumətin bütün masqalarını cırdı
Samir