Azərbaycan Avropa Şurasına üzv olan yeganə dövlətdir ki, onun böyük şəhər bələdiyyəsi yoxdur.
Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildiyi vaxt üzərinə götürdüyü öhdəliklərdən biri də iri şəhərlərdə böyük şəhər bələdiyyəsinin yaradılması idi.
Müxtəlif vaxtlarda bu məsələ gündəmə gətirilsə də, hələ də müsbət sonluqla nəticələnməyib. Bələdiyyələr Bakının 11 rayonunda yaradılıb.
Bələdiyyə yerli özünüidarəetmə forması olduğundan, bunun əsasında sosial, səhiyyə, təhsil məsələləri, abadlıq işləri, həm də həmin ərazidə yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması dayanır. Buna görə də, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi yerli özünü-idarəetməylə bağlı 2003 və 2007-ci illərdə üzv ölkələrə verdiyi tövsiyyədə vətəndaşların qərar qəbulu prosesində iştirakının təmin edilməsini də təklif edir.
Kommunal xidmətlərə görə yığımlar, icra hakimiyyətinin mülkiyyətində olan əmlakın icarəsindən alınan vergilər, avtomobil dayancaqlarına görə ödənişlər, reklam ödənişləri, icra hakimiyyətinə daxil olan ayrı-ayrı müəssisələrin təsərrüfat hesablı gəlirindən ayırmalar, hüquq və fiziki şəxslərin könüllü yardım və ianələri Bakı şəhər İcra Hakimiyyətinin büdcəsinə toplanır.
2016-cı ildə dövlət büdcəsində Bakı şəhərinin yerli xərcləri 210.4 milyon manat təsdiqlənib. 10 milyon manat isə dövlət investisiyalarından ayrılıb.
Bakı şəhər İcra Hakimiyyətinin büdcəsinin bütün gəlir və xərcləri barədə ətraflı məlumat almaq mümkün deyil.
Bakı şəhərinin idarəetməsi seçkili olmadığı üçün maliyyə muxtariyyəti yoxdur, kənardan investisiya, qrantlar cəlb edə bilmir. İcra hakimiyyətinin büdcəsini Maliyyə Nazirliyi formalaşdırır, kənar maliyyə olsa da, mərkəzi hakimiyyət orqanlarının xəttilə icra hakimiyyətinə ötürülür.
Belə ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” yə görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısının hansısa seçkili dövlət orqanının və ictimaiyyət qarşısında hesabatlılığı nəzərdə tutulmur. İcra başçısı yalnız dövlət başçısı qarşısında hesabat verir.
Hesabatlılıq
Təhlilçilər hesab edir ki, böyük şəhər bələdiyyəsinin bir sıra üstünlüyü var.
“Seçkili mer institutunun yaradılması birbaşa vətəndaşlar qarşısında məsuliyyət deməkdir, yəni seçilən şəxs cəmiyyətə hesabat verəcək. Böyük şəhər bələdiyyələrinin özünəməxsus büdcələri nəqliyyat, ticarət, turizm və digər sahələrdən gələn faizlər hesabına formalaşa bilər. Hazırda Bakı büdcədən ən çox dotasiya alan şəhərdir”, iqtisadi məsələlər üzrə təhlilçi Natiq Cəfərli deyir.
Cəfərlinin sözlərinə görə, böyük şəhər bələdiyyəsinin əsas üstünlüklərindən biri idarəetmənin bir şəxsin əlində cəmləşməsidir.
“Şəhər idarəetməsi, kanalizasiya, istilik və buna bənzər xidmətlər yalnız bir qurumun nəzarətində olacaq. İndiki halda hər sahəyə fərqli qurumlar baxdığı üçün xaotik vəziyyət hökm sürür. Bütün təşkilatlar məsuliyyəti bir-birinin üstünə atır.”
Bakı şəhər Bələdiyyəsi yaradılacağı tədqirdə o, seçkili orqan olacaq.
Hazırda Bakı şəhərinin icra hakimiyyətinin rəhbəri dövlət başçısının müvafiq sərəncamı ilə təyin olunur.
Belə ki, böyük şəhərlərdə yaşayan insanlar onları və yaşadıqları əraziləri idarə edən rəhbərləri bilavasitə tanımır, onların şəhər həyatına gətirəcəyi dəyişiklərlə bağlı proqramları ilə tanış ola bilmir.
Bələdiyyə üzvləri müxtəlif siyasi partiya təmsilçiləri olsa da, idarəçilik zamanı onların siyasi mənsubiyyəti deyil, sırf şəhər idarəçiliyindəki rolu əhəmiyyət daşıyır.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev istər yağış, istərsə də qar yağanda yollarda yaranan çətinliklərin əsas səbəbi kimi şəhər təsərrrüfatının düzgün idarə edilməməsini göstərir.
Cəmiyyət “hazır deyil”
Cənab Əliyevə görə, mərkəzi hökumət Bakı şəhər Bələdiyyəsinin yaradılmasında maraqlı deyil.
“Seçki keçirilsə Şura yaradılmalıdır və bu Şuradan da mer seçilməlidir. Bakı strateji şəhərdir, hökumət də oraya təsadüfi adamların düşməsini istəmir.”
Ekspert Əliyev əsas problem kimi Bakı şəhərinin statusu haqqında qanunun olmadığını deyir:
“Bakının idarə edilməsi məsələsi həmin qanunda əksini tapmalı idi. O cümlədən necə idarə edilməsi. Bu qanunun qəbulu ilə meriya institutu yaradılmalıydı.”
BBC Azərbaycancaya danışan Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə cəmiyyətin buna hazır olmadığını desə də, əlavə edir ki, “yaxşı işləyən bir təşkilata ehtiyac var.”
“Fərq etməz o qurumun adı nə olacaq-bələdiyyəmi, yoxsa fərqli təşkilatmı, o yaxşı işləməlidir. Bakının rayonlarının bələdiyyələri var, onlar öz üzərilərinə düşən işi layiqincə görə bilərlər, Bakı İH-də çatışmazlıqları həll edə bilər”, o deyir. (BBC azeri)