Hökumət korrupsiya, hüquqsuzluq, saxtakarlıq “dopinq”indən nə vaxt imtina edəcək?
Hökumətimiz o qədər istedadlıdır ki, 23 ildir göstərdiyi oyunlara tamaşa etməkdən yorulmuruq. Rəngarəng korrupsiya faktları, kreativ seçki saxtakarlıqları, füsünkar hüquqsuzluq halları insanı valeh edir.
Amma hökumətimizin istedadı bununla da yekunlaşmır. Əksər məmurlarımızın analoqsuz yumor hissi də var. Xeyli sayda yüksək vəzifəli şəxslər var ki, xalqın yaddaşında xeyrixah əməlləri ilə deyil, səsləndirdikləri meyxoş fikirlərlə qalacaqlar.
Danışmırlar, mətbuatdan qaçırlar, amma danışanda da elə söz deyirlər ki, illərlə qulaqlarda qalır, lətifəyə, karikaturaya çevrilir.
Bugünlərdə isə könlümüzü xoş edən daha bir söz eşitdik. Bildiyiniz kimi Beynəlxalq Antidopinq Agentliyi Azərbaycana xəbərdarlıq edib və şərtlərə əməl edilməyəcəyi təqdirdə ölkəmizin adının “sözə baxmayan” ölkələr sırasına salınacağı bildirilib. Gənclər və idman naziri Azad Rəhimov deyib ki, dopinqə qarşı mübarizə sahəsində yeni qanun hazırlanması ölkə başçısı İlham Əliyevə məruzə edilib: “Ölkə başçısı bildirib ki, hazırlanacaq qanun mükəmməl olmalı və idmançıların dopinqdən istifadəsini vaxtında aşkar etməyə imkan verməlidir. Elə etmək lazımdır ki, Azərbaycan idmanına ləkə gəlməsin”- deyə Azad rəhimov bildirib.
Məsələnin maraqlı tərəfi də bundan sonra başlayır. Guya, Azərbaycan bütün sahələrdə ləkələrdən azad olub, təkcə idman sahəsi qalıb.
Tutaq ki, dopinq problemi həllini tapdı və idmanımız ləkədən xilas oldu. Bəs, korrupsiya ləkəsi, monopoliya ləkəsi, hüquqsuzluq ləkəsi, seçki saxtakarlığı ləkəsi ölkənin adını batırmır?
Necə olur ki, idmançıda dopinq tapılması adımıza ləkə gətirir, amma deputatda saxta mandat tapılması uğur sayılır?
Necə olur ki, idmançının dopinq qəbul etməsi biabırçılıq hesab olunur, amma məmurların milyardları qəbul etməsi təbii sayılır?
Cənablar, bir idmançının bədənində dopinq aşkarlanması faciə deyil, amma ölkənin səhiyyəsində, təhsilində, hüquq sistemində korrupsiyanın aşkarlanması böyük faciədir və ölkəmiz üçün ləkədir.
Əgər hökumətimiz həqiqətən də ölkənin adına ləkə gəlməsini istəmirsə, vicdanlı insanlar niyə şərlənərək həbs olunur, niyə Azərbyacan məmurlarının səsi offşorlardan gəlir, niyə müəllim, həkim, təqaüdüçü 150 manatla imtahana çəkilir?
Bir idmançının dopinq qəbul etməsi həmin idmançının adına ləkə gətirir, amma 13500 şəhid ailəsinin sıorta pulu ala bilməməsi, 17000 tələbənin təhsil haqqına görə Universitetdən kənarlaşdırılması, 2.5 milyon vətəndaşın bank girovuna çevrilməsi bütövlükdə dövlətin adına ləkə gətirir.
Bəli, bu ölkədə istənilən qurumda “dopinq” tapmaq olar. Bu ölkənin canında saxtakrlıq, korrupsiya, hüquqsulzuq dopinqi var.
Tutaq ki, qanunlar sərtləşdirildi, idmançıların dopinq qəbul etməsi mümkünsüz oldu və Antidopinq Agentliyi bizdən razı qaldı. Bəs, Avropa Məhkəməsinin Azərbaycandakı rüsvayçı məhkəmə hökmləri ilə bağlı çıxardığı qərarlar necə olsun? Bəs, beynəlxalq hüquq müdafiə təşkilatlarının Azərbaycandakı siyasi məhbuslarla bağlı hesabatları necə olacaq?
“Nardaran işi” məhkəməsində, Binqədidəki yanğınla bağlı keçirilən məhkəmədə, Beynəlxalq Bankla bağlı məhkəmədə səslənən fikirlər insanı dəhşətə gətirir. Məhkəmədə ifadə verənlər yüksək vəzifəli şəxsləri cinayətdə ittiham edilər, amma bu şəxslərə qarşı heç bir hüquqi tədbir görülmür. Hüququn bu qədər aciz duruma düşməsindən böyük ləkə varmı? Hər gün sosial vəziyyətin ağırlığı səbibindən vətəndaşların intihar etməsi daha böyük ləkə deyilmi? 150 milyard dollar neft pulu gəlməsinə baxmayaraq, ölkənin 25 milyard xarici borc yığması daha ağır rüsvayçılıq deyilmi?
Gülməli olan da budur ki, ölkənin başını palçığa bulayıb, ayağını ləkədən təmizləmək istəyirlər. Hansıki, ən böyük “dopinq” i hökumət özü qəbul edir və ölkəni ləkələrdən təmizləmək üçün bu “dopinq”dən imtina etmək lazımdır.
İlham