2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,3% – 1 mlrd. 957,1 mln. manata qədər azalıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-sentyabr aylarında soba mazutunun istehsalında 65% – 435 min tonadək, neft bitumu istehsalında 11% – 138,5 min tonadək artım qeydə alınıb.
Hesabat dövründə avtomobil benzini istehsalı 8,3% – 831,8 min ton, birbaşa qovulan benzin istehsalı 7,5% – 131,5 min ton, kerosin istehsalı 7,5% – 473,8 min ton, dizel yanacağı istehsalı 19,1% – 1 mln. 720,9 min ton, sürtkü yağı istehsalı 57,7% – 7,7 min ton, neft koksu istehsalı 5,9% – 280 min tonadək azalıb.
Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. “Azərneftyağ” NEZ 2015-ci il yanvarın 1-dən bu zavodun tərkibinə daxil edilib.