Penitensiar Xidmətdən yayılan məlumata sərt reaksiya
Oktyabrın 20-də Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında dustaqlar qiyam edib. Bu barədə məlumatı virtualaz.org saytı yayıb. Məlumatda bildirilir ki, təcridxananın vəzifəli şəxslərinə hücum edən dustaqlar onlardan iki nəfərə ağır xəsarət yetiriblər. Məlumata əsasən, xəsarət alanlar təcridxananın rəisi və rəis müavinidir.
Mənbə sayta bildirib ki, qiyama səbəb, dustaqların sözlərinə görə, onlara verilən “payok”un (yeməyin) satılması və yetərincə verilməməsidir. Digər səbəb kimi, dustaqlara yaxınlarının gətirdikləri “peredaça”ya görə 100 manat rüşvət tələb olunması göstərilib.
“Dustaqlar aclıq aksiyasına başladıqlarını və yeyənə “söyüş” qoyduqlarını bildiriblər”, – deyə mənbə bildirib.
İddia olunur ki, qiyamı yatırmaq üçün təcridxanaya qoşun yeridilib.
Maraqlıdır ki, sayt bir qədər sonra məlumatı silib. Penitensiar Xidmətdən isə xəbərə sərt reaksiya gəlib.
“Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabeçiliyində olan ayrı-ayrı müəssisələrdə, o cümlədən 13 və 6 saylı cəzaçəkmə müəssisələrində, Bakı İstintaq təcridxanasında məhkumlara qarşı qanunazidd hərəkətlərin törədilməsi, cəza çəkənlər arasında kütləvi iğtişaşların baş verməsi, müəssisələrə xüsusi təyinatlı dəstələrin yeridilməsi, məhkumlardan, eləcə də onlara baş çəkən qohumlarından pul tələb edilməsi kimi həqiqəti əks etdirməyən məlumatlar dərc edilir”, – deyə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən modern.az-a bildirilib.
Qeyd olunub ki, Penitensiar Xidmətin rəhbərliyi və kollektivi bu kimi böhtan xarakterli və qərəzli məlumatların son zamanlar xidmətdə aparılan müsbət işlərə kölgə salmaq, əhalidə çaşqınlıq, cəza çəkənlər və onların yaxın qohumları arasında əsassız narahatçılıq yaratmaq məqsədi daşıdığını bildirir.
“Penitensiar xidmət bir daha ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nəzərinə çatdırır ki, bu gün haqqın.az və virtualaz.org saytlarında “Bakı istintaq təcridxanasında qiyam: qoşun yeridildi” başlıqlı məlumatın heç bir əsası yoxdur və böhtan xarakterlidir, tabeçilikdə olan cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında əməliyyat şəraiti sabitdir, tam nəzarət altındadır, cəzaların icrası və çəkilməsi qaydalarına, mövcud qanunvericiliyin tələblərinə tam uyğun şəkildə riayət olunur”, – deyə açıqlamada vurğulanıb.
Qeyd edək ki, Penitensiar Xidmətin yeni rəisi Ceyhun Həsənovun prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubova yaxın şəxs olduğu iddia olunur.