Oktyabrın 21-də dövlət ittihamçısı gənc fəal Qiyas İbrahimova 9 il həbs istəyib. Proses Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir.
Qiyas İbrahimov başqa bir gənc fəal Bayram Məmmədovla birgə mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, istehsal və əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edilirlər. İttihamlar təsdiqlənərsə, gəncləri 5 ildən 12 ilədək həbs cəzası gözləyir. Hər iki gənc ittihamla razılaşmır və işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildirir.
Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.
Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazdıqlarına görə həbs edildiyi güman olunur.