Nemət Əliyev: «Əgər hökumət bu vəsaitləri cəlb edə bilmirsə, o zaman icra başçılarının kapital cəlb edə biləcəyi inandırıcı deyil»
Ölkəyə investisiya cəlbində ciddi problemlər yaşayan Azərbaycan hakimiyyəti növbəti dəfə maraqlı məntiqdən çıxış edib. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu ilə aparalın danışıqlar bir nəticə vermədi. Amma ölkədə normal sahibkarlıq, investisiya mühiti olmadığı halda icra başçılarını rəhbərlik etdikləri rayonlara investisiya cəlb etməyi tapşırıblar. Özü də bundan sonra onların fəaliyyətinə qiymət məhz bu göstəriciyə uyğun olaraq veriləcək.
“Sahibkarlara bu günə qədər bir milyard manat məbləğində güzəştli kreditlər verilib. Ancaq hər bir rayonun rəhbər orqanları özləri çalışmalıdır, şərait yaratmalıdır, sahibkarları cəlb etməlidir və onların fəaliyyətinə buna görə qiymət veriləcək”.
Bunu dövlət başçısı İlham Əliyev Ağstafada “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında müəssisənin işçiləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
Ölkənin reytinqinə görə, dövlət rəhbərliyi kredit cəlbində çətinlik çəkirsə, belə olan halda daha məhdud resurslara sahib icra başçıları bunu necə edə bilər.
İqtisadçı Nemət Əliyev bildirdi ki, icra başçıları çox gözəl bilirlər ki, hökumətin bu istiqamətdəki fəaliyyəti nəticəsizdir. Əgər hökumət bu vəsaitləri cəlb edə bilmirlərsə, o zaman icra başçılarının rəhbərlik etdikləri rayonlara kapital cəlb edə biləcəyi inandırıcı deyil: «Hər kəs bilir ki, icra başçısının əlində heç bir imkan yoxdur. Uzağı bu şəxs vəzifəsindən imtina edə bilər. İcra başçılarına hansı göstərişlər verilirsə, onlar bu göstərişlərə əməl edirlər. Bu ölkədəki vəziyyətə görə məsuliyyəti hakimiyyət daşıyır. Onlar siyasi iradə qoyaraq vəziyyəti dəyişməlidirlər».
Xəyal