Hökumətin analoqsuz “cinayət və caza” siyasəti
Biz bu illər ərzində təkcə korrupsiyanın, seçki saxtakarlığının, yaltaqlığın, hüquqsuzluğun şahidi olmadıq. Həm də bütün neqativlərin ən iyrənc formalarının şahidi olduq. Məsələn, bir insanın şərlənərək həbs olunması, bu adamlara qarşı sifarişli məhkəmə hökmlərinin elan edilməsi dəhşətli hüquqsuzluqdu. Amma həbs olunmuş adamlara işgəncə verilməsi, bu adamların yaxınları ilə şantaj olunması, həbs müddəti başa çatmış adamların azadlığa buraxılmaması həm də əxlaqsızlıqdı.
Bugünlərdə şahidi olduq ki, YAP-ın qurucularından olan Əli İnsanov azadlığa çıxamsına 9 gün qalmış yenidən cəzalandırıldı. Bu adamın 10 ildən artıq həbs cəzası çəkməsinə baxmayaraq, hökumətin qəzəbi soyumayıb. Çünki, Əli İnsanov hökuməti sərt tənqid edir, ifşaedici fikirlər söyləyir, bu hökumətə xidmətə görə peşiman olduğunu bildirir. Məhz hökumət maraqlarından çıxış etmədiyinə görə qisasçılıq hissiylə alışıb-yanırlar.
Yaxud, cəbhəçi məhbuslara qarşı münasibətə diqqət edək. AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayevin səhhətində cidd problemlər var. Bu adamın “qrija”sı var, belində yumurta boyda yırtıq yaranıb. Amma hökumətin qisasçılıq hissi o qədər güclüdür ki, Elvinin əməliyyat olunmasına şərait yaratmırlar. Qanunları cəza aparatına çeviriblər, əllərindəki səlahiyyətlərdən rəqiblərini sıradan çıxarmaq üçün yararlanırlar
AXCP Rəyasət Heyətinin üzvü, birinci qrup Qarabağ əlili Asif Yusifli, əleyhinə heç bir fakt olmadığı halda dələduz kimi cəzalandırıldı. Hətta ittihamda göstərilən məbləğ ödənildikdən sonra da Asif Yusifli azad edilmədi.
“Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlini gülünc ittihamla həbs ediblər, üstəlik adamın avtomobilini də girov saxlayırlar. Hansıki, avtomobili qaytarmamaq üçün heç bir səbəb yoxdur.
Demək istəyirəm ki, insanları qondarma ittihamlarla həbs etdikləri azmış kimi, həbs olunmuş adamlardan ikiqat, üçqat qisas almağın yollarını axtarırlar. Ölkədə hüquqsuzluq, qanunsuzluq o həddə çatıb ki, müxalifət funksionerlərinin qohumlarını imtina ərizəsi yazmağa məcbur edirlər, müxalifətdə olan adamın yaxınlarını işdən çıxarırlar. Sındıra bilmədikləri müxalifətçiləri, yaxınlarını həbsə etməklə cəzalandırırlar.
Çünki, ölkədə məhkəmə sistemi, hüquq mühafizə orqanları rejimin maraqlarına uyğun fəaliyyət göstərir. Cinayət Məcəlləsinin istənilən maddəsini istənilən şəxsə tətbiq etmək mümkündür. Kimisə həbs etmək üçün heç bir sədd yoxdur. Ən gülməli arqumentlərlə adamları şərləmək mümkündür. Hətta,adamın şərləndiyini sübut edən dəlillər, görüntülər olsa belə, bu faktlar nəticəyə təsir etmir.
Amma MTN-də tükürpədən faktlar ortaya çıxsa da Eldar Məhmudov azadlıqdadır, milyonluq dələduzluq əməlləri sübuta yetirilmiş adamı məhkəmə sərbəst buraxır, vəzifəli şəxslərə qarşı məhkəmələrdə dəhşətli ittihmalar səsləndirilir, amma bu adamları istintaqa cəlb edən yoxdur.
Bizim ölkəmizdə “cinayət və cəza” anlayışı da analoqszudur. Bir insanın cinayət törətmədiyi halda cəzalanması, yaxud bir insanın cinayətkar olduğu halda cəzasız qalması təbii haldır. Bütün dünyada ədaləti təmin etmək üçün yaradılan təsisatlar, Azərbaycanda ədalətsizliyə haqq qazandırmaq üçün yaradılıb.
İlham