Nemət Əliyev: «Ölkədə normal bank fəaliyyəti olmalıdır ki, qalan banklar növbəti dövrdə fəaliyyət göstərə bilsin»
Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən mövcud bank qanunvericiliyi, o cümlədən “Banklar haqqında” qanuna əlavələrin layihəsi hazırlanıb.
Bunu MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.
“Bu, imkan verəcək ki, bankların problemli aktivləri və öhdəliklərini bir-birindən ayıraq, sağlam aktivləri mövcud banklara keçirək, problemləri bir çətir altında birləşdirib həll edək”, – deyə R.Aslanlı vurğulayıb. (Report)
Bu dəyişiklik bankları xilas edə biləcəkmi? Yoxsa bu vəziyyəti bir qədər də qəlizləşdirəcək.
İqtisadçı Nemət Əliyev bildirdi ki, Azərbaycanda indiyə qədər mövcud olan qanunlar işləməyibsə və ayrı-ayrı vəzifəli şəxslərin sözü daha kəsərli olubsa, bundan sonrakı qanunların da işləyəcəyinə ümid çox azdır. N.Əliyevin sözlərinə görə, birinci növbədə ölkədə mühit dəyişməlidir. Azərbaycanda normal məhkəmə sisteminin qurulmasının, qanunların işləməsinin vacib şərt olduğunu deyən N.Əliyev bildirdi ki, banklarda depozit saxlayanlar əmin olmalıdır ki, kimsəninsə sözü və addımı onların hüquqlarını pozmayacaq. Onlar ölkədə pozulmuş hüquqlarının bərpa edilməsinə kömək edəcək məhkəmə sisteminin olduğuna əmin olmasalar, hansı qərarın qəbul olunmasından asılı olmayaraq ölkəyə investisiya yatırmayacaq. Bu gün banklar tam çöküb. Bankların daha çox əziyyət çəkdiyi odur ki, ölkədə normal bank fəaliyyəti yoxdur. Gərək bu cür şərait olsun ki, qalan banklar növbəti dövrdə fəaliyyət göstərə bilsin. Əgər ölkədə bank sistemi çökübsə, onlara inam yoxdursa, insanlar banklara pul qoyluşundan çəkinəcəklər. İnvestorların ölkəyə maliyyə yatırmağa inandırmaqdan ötrü normal mühit yaradılmalıdır. Onlar əmin olmalıdır ki, xüsusi xidmət orqanlarının əməkdaşları onların başına torba keçirib, aparmayacaqlar. Pulu olan insanlar böyük qorxu ilə üz-üzədirlər. Onların iqtisadiyyatın gələcəyinə ümidləri yoxdur».
N.Əliyev onu da bildirdi ki, qanuna dəyişimkliklər edildikdən sonra problemli kreditlərin də talyeinin necə olacağı sual doğurur. N.Əliyevin sözlərinə görə, məsələyə köklü şəkildə yanaşmaq lazımdır: «Manata inamı gücləndirmək lazımdır. Bunun üçünsə, ölkədə iqtisadi fəallıq olmalıdır. İqtisadi fəallığa isə təkan verən əsas amil ölkə iqtisadiyyatına investisiya qoyluşundan keçir. Dövlət özü iqtisadiyyata pul qoymaqdan ehtiyatlanır. İnvestor baxanda ki, Azərbaycan hökuməti maliyyəni öz ölkəsinə deyil, hansısa başqa ölkəyə yönəldir, o zaman həmin investor nə düşünəcək? Ona görə ölkədə bütövlükdə investisiya mühiti yaxşılaşdırmaq lazımdır. Biznesin inkişafına olan bütün əngəllər aradan götürülməlidir. Rüşvətxorluq, korrupsiya, özbaşnalıq aradan qaldırılmalıdır».
Xəyal