Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq aparat rəhbəri Səfər İmanovun barəsində olan cinayət işinin icraatı dayandırılıb.
APA-nın məlumatına görə, Səfər İmanov ölkədən qaçdığına görə axtarışa verilib, bununla əlaqədar olaraq iş üzrə icraat dayandırılıb.
Səfər İmanovun vətəndaşı işə düzəltmək adı ilə ondan külli miqdarda pulunu alaraq aldatması ilə əlaqədar həmin Komitədən daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, araşdırma zamanı qeyd olunan Komitənin sabiq aparat rəhbəri Səfər İmanovun 2012-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaş Eynur Kərimovu məsul vəzifəyə təyin etdirəcəyi vədi ilə aldadaraq 170 min ABŞ dolları məbləğində pulunu ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Səfər İmanov bu məsələdə komitənin sədri Hicran Hüseynovanı ittiham edirdi. O, zərərçəkən Eynur Kərimovla söhbətlərində ondan aldığı pulu Hicran Hüseynova verdiyini bildirib. Eynur Kərimovun vəkili Adəm Məmmədov Səfər İmanovun müdafiə etdiyi şəxslə “Skayp” danışığını ictimailəşdirib. Həmin danışıqda da Səfər İmanov aydın şəkildə deyir ki, pulu Hicran Hüseynovaya verib. Amma hansısa səbəbdən Hicran Hüseynova bu günə qədər istintaqa cəlb olunmayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə barəsində də başlanmış cinayət işi üzrə istintaq dayandırılıb.
APA-nın məlumatına görə, Elnur Nağızadə ölkədən qaçdığına görə, barəsində beynəlxalq axtarış elan edilib, bununla bağlı cinayət işi üzrə istintaq dayandırılıb.
Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.
Elnur Nağızadə ilə bağlı daxil olmuş şikayət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
O, təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarışa verilib.
Elnur Nağızadənin əmisi Tahir Nağıyev isə bu məsələdə TQDK-nın sədri Məleykə Abbaszadəni ittiham etmişdi. O bildirmişdi ki, baş verənlərlə bağlı mətbuat konfransı keçirəcək və Elnura ünvanlanış ittihamlarla bağlı bir sıra məlumatlar açıqlayacaq: “Bizim də deyəcəklərimiz var. Elnura qarşı ittihamlar əsassızdır. İki aydan çoxdur ondan xəbər ala bilmirik, danışa bilmirik. İki uşağı qalıb ortada. Kimlərsə Elnuru yoxa çıxarıb”.
Tahir Nağıyev onu da əlavə etmişdi ki, Elnurun həyatı təhlükədədir, ölüm təhdidləri alıb. Elnur Nağıyevin əmisi Məleykə Abbaszadənin ünvanına bir sıra kəskin ittihamlar səsləndirərək mətbuat konfransında bütün dediklərini əsaslandıracağını bildirmişdi. Amma Tahir Nağıyevin vəd etdiyi mətbuat konfransı naməlum səbəblərdən keçirilmədi.