Oktyabr ayının 19-da Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti toplantısı keçirilmişdir. Toplantıda respublikadakı ictimai-siyasi vəziyyət müzakirə edilmiş, maliyyə-iqtisadi böhranın dərinləşməsi və hakimiyyətin bu ağır durumdan çıxmaq istiqamətində effektli əməli addımlar ata bilmməməsindən narahatlıq ifadə edilmişdir.
Müzakirələrin gedişində iqtisadi cəhətdən əsaslanırılmadan bir sıra ekspermentlərin keçirilməsi, qeyri-neft sektorunun yaradılmaması, şirkət və müəssisələrin bağlanması, əhali arasında işsizliyin kütləvi xarakter almasının böhran hallarının dərinləşməsinə ciddi təsir göstərdiyi qeyd edilmişdir. Böhranın dərinləşməsi və qiymətlərin artması prosesinin ağır sarsıntılara yol açdığı müzakirələrin gedişində qeyd edilmişdir.
Toplantıda Milli Şuranın rəhbər heyətinə daxil olan şəxslərin “Bandotdelə” çağırılması, onlardan AXCP sədrinin müavini, Milli Şuranın üzvü Fuad Qəhrəmanlını, Müsəlman Birliyi Hərakatının rəhbəri Tale Bağırzadəni və “Nardaran İşi” ilə bağlı həbs etdilmiş, həmin idarədə ağır işgəncələrə məruz qalmış şəxsləri müdafiə etməmək tələbləri kəskin şəkildə pislənmişdir. Milli Şuranın KM-nın müvafiq idarəyə çağırlan üzvlərindən sosial şəbəkələrdə, mətbuat və kütləvi informasiya vasitələrində siyasi məhbuslar, xüsusi ilə dindar vətəndaşların müdafiəsi ilə bağlı apardıqları təbliğati işlərə son qoymaları tələb edilmiş, əks təqdirdə onlar haqqında ölçü götürüləcəyi ilə hədələnmişlər.
Müzakirələrdə “Azadlıq” qəzetinin nəşrinə hakimiyyət orqanlarının yaratdığı süni maneələr, qəzetin maliyyə direktoru Faiq Əmirlinin həbsinin məhz, “Azadlığı” susdurulmasına hesablandığı kəskin şəkildə pislənilmişdir.
Milli Şuranın KM-nin toplantısında insan hüquqları təşkilatları tərəfindən hazırlanmış siyasi məhbus siyahıları ilə bağlı məsələyə də toxunulmuşdur. Müzakirələrin gedişində bu istiqamətdə fəaliyyət göstərən işçi qrupun fəaliyyəti müsbət qiymətləndirilmiş və qrup tərəfindən bu yaxınlarda açıqlanmış 94 nəfərdən ibarət siyasi məhbus siyahısına dəstək ifadə edilmişdir. Bununla yanaşı toplantıda siyasi mülahizələrlə həbs edilmiş, hüquq mühafizə orqanları tərəfindən işgəncələrə məruz qalmış vətəndaşların dairəsinin daha geniş olduğu vurğulanmışdır. Bu istiqamətdə işlərin davam etdirilməsi, siyasi mülahizələrlə həbs edilmiş vətəndaşların diqqətdə saxlanılması qeyd edilmişdir. KM-nin üzvləri tanınmış hüquq müdafiəçisi Leyla Yunus tərəfindən müzakirəyə təqdim edilmiş siyasi məhbusların 166 nəfərdən ibarət olan genişləndirilmiş siyahıya da münasibət bildirmişlər. Bu istiqamətdə Leyla xanınım fəaliyyəti yüksək qiymətləndirilmiş, həmin siyahıda “Nardaran işi” ilə bağlı həbs edilmiş şəxslərin geniş dairəsinin olduğu təqdir edilmişdir. Eyni zamanda bu siyahının da təkmilləşməyə ehtiyacı olduğu, mübahisəli məqamların (xüsusilə ömürlük məhbuslarla bağlı) dəqiqləşdirilməsinin zəruriliyi qeyd edilmişdir. Siyasi məhbusların dairəsi ilə bağlı bəzi fikir ayrılıqları olmasına baxmayaraq KM-nin üzvləri hər iki siyahı müəlliflərinin əməyini yüksək qiymətləndirmiş, bu istiqamətdə mübahisə açmamağı, müzakirələr yolu ilə mövqeləri yaxınlaşdırmağı zəruri hesab etmiş və bu istiqamətdə imkanların tükənmədiyini qeyd etmişdir. Bütün hallarda Milli Şura siyasi məhbuslara mənəvi, hüquqi, humanitar yardım göstərən hüquq müdafiə təşkilatlarına dəstək verəcəyini ifadə etmişdir.