Son iki ildə investisiya qoyuluşu 57% və ya 8,7 milyard dollar azalıb. Azalmanın 39%-i ötən ilin, 60%-i isə bu ilin payına düşüb. Ötən illə müqayisədə bu il vəziyyət daha çox pisləşib. Bu barədə iqtisadçı Nemət Əliyev Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, bu ilin 9 ayında bütün mənbələrdən ölkə iqtisadiyyatına vur-tut 6,5 milyard dollar sərmayə yatırmaq mümkün olub.“Bir il əvvəlki vəziyyətlə müqayisədə bu il bu göstərici emal bölməsində 69%, qeyri-neft sənayesində 73%, kənd təsərrüfatında 66%, xidmət sahələrində 73% pisləşib. Hətta neft sektoruna yatırımlar da azalıb. Dövlət Statistika Komitəsinin açıqladığı 9 aylıq iqtisadi və sosial inkişafa dair makroiqtisadi göstəricilərin təhlilindən bu nəticələrə gəlmək mümkün olub”.
İqtisadçı hesab edir ki, əlverişli şərait təmin edilməzsə, Mərkəzi Bankın yarıtmaz pul-kredit siyasətinə son qoyulmazsa, dövlət büdcəsinin icrası sahəsində özbaşınalıq dayandırılmazsa, sahibkarların çıxışdırılması durdurulmazsa, monopoliya, korrupsiya, haqsız rəqabət yığışdırılmazsa, qanunlar işlək vəziyyətə gətirilməzsə, tənəzzülü cilovlamaq mümkün olmayacaq.