Dostlar, bu kanalizasiya məsələsi yalnız yağışdan-yağışa yada düşməli deyil, tək Hacıbala Abutalıbovluq (hərçənd ki, bu adam da yerində deyil) məsələ də deyil. İnanın ki, Bakıda kanalizasiya sisteminin indiki bərbad vəziyyəti də siyasi rejimin məhdud təfəkkürünün və acgözlüyünün nəticəsidir. Müasir kanalizasiya sisteminə malik olmaq məişət rahatlığından da çox, sağlamlıq və mədəniyyət məsələsidir. Təsadüfi deyil ki, bu sahədə ən yaxşı nümunələrdən birini paytaxt Parisdə yaratmış fransızlar şəhər kanalizasiya sisteminin tarixini və inkişafını əks etdirən məlumat və eksponatların toplandığı xüsusi muzey də yaradıblar.
Parisdə kanalizasiya sisteminin tarixi çox qədimdir, Roma İmperiyası dövründən qalma kanalizasiya xəttinin bir hissəsi hələ də saxlanılır. Artıq 1636-cı ildə Parisdə 415 min adama xidmət edən 23 kilometr uzunluğunda kanalizasiya xətti çəkilmişdi. Fransızlar fəxr edə bilərlər ki, onlar Parisdə müasir su təchizatı və kanalizasiya sistemini hələ III Napoleonun vaxtında – 19-cu əsrin 2-ci yarısında qurublar. 1878-ci ildə Parisdə artıq 600 km uzunluğunda yeraltı tunellər çəkilmişdi. Şəhərin üst quruluşuna paralel olaraq (hər küçənin altında) tunellər qazılmış su və kanalizasiya boruları, eləcə də digər kommunikasiya xətləri bu tunellərdə yerləşdirilmişdi. Əlbəttə ki, illər keçdikcə kommunikasiya xətləri genişləndi, müasirləşdirildi. Hazırda bu sistem tam olaraq kompüterləşdirilib.
Demək istəyirəm ki, parklara mərmər, binalara aqlay daşlardan üzlük vurmaqla mədəni olmurlar. Mədəniyyət gərək daxildən gəlsin və gərək anlayasan ki, hər yağışdan sonra yağış və kanalizasiya suları qarışaraq şəhərin küçələrini örtürsə, başqa sözlə kanalizasiya suları da şəhərin küçələrinə çıxırsa, bu, həm də mədəniyyətsizlikdir, natəmizlikdir və milyonlarla insanın həyatı üçün təhlükəlidir.
Dövləti idarə edənlər heç vaxt yalnız bu günü düşünməli deyillər, çalışıb bir az qabağı görməlidirlər. Necə ki, bütün dünya hələ 2008-2009-cu illərdən həyacan təbili çalıb, neftin qiymətinin yenidən və ciddi şəkildə düşəcəyini proqnozlaşdırırdı, amma xəbər bizim hakimiyyətə çatmadı və İlham Əliyev bu il Davos forumundakı çıxışında neftin qiymətinin düşəcəyini heç gözləmədiyini etiraf etdi, eləcə də Bakıda tikinti bumu zamanı hər bir orta statistik bakılı başa düşürdü ki, bu şəhərin su, istilik, kanalizasiya, qaz, eleltrik xətləri vaxtilə bir milyon-milyon yarım əhali üçün qurulub, indisə Bakıda real olaraq 3 milyondan artıq adam yaşayır, uzağı milyon yarım əhali üçün nəzərdə tutulan şəhər infrastrukturu 3-4 milyon əhalinin ehtiyacını necə ödəsin? Bəli, bu sadə həqiqəti hər kəs o vaxtdan başa düşürdü, bircə ölkəni idarə edənlərdən başqa.
Dostlar, inanın ki, ən elementar məsələləri vaxtında düşünə, heç bir məsələyə daha strateji yanaşa bilməyən, geniş vizyonu olmayan, müasirliyi də, mədəniyyəti də yalnız zahiri təmtəraq kimi başa düşən, 150 milyard neft pulu ilə normal şəhər infrastrukturu yarada bilməyən bacarıqsız hakimiyyət qaldıqca fəsadları da çoxalacaq.