Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun Nəsimi Rayon İcra Şöbəsinə qarşı şikayəti əsasında məhkəmə prosesi başlayıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Kəmalə Abıyevanın sədrliyi ilə keçirilən prosesdə Əli İnsanovun şikayəti təmin edilməyib.
Qeyd edək ki, 1 saylı İnzibati-İqtisad Məhkəmənin qərarı ilə Əli İnsanovun şikayətini qəbul etməyiblər. Həmin qərardan narazı qalan sabiq səhiyyə naziri apellyasiya şikayəti verib. Əli İnsanovun iddiasına əsasən, ona məxsus qaraj özünün və ailəsinin xəbəri olmadan 50 min manata tikinti şirkətinə satılıb. Bir müddət sonra isə məsələnin üstü açılıb və Əli İnsanov ona məxsus olan qarajını satmış Vəfa Əlizadə adlı şəxsə qarşı məhkəmədə iddia qaldırıb. Nəsimi Rayon Məhkəməsi iddianı təmin edib və həmin qadının keçmiş nazirə 50 min manat ödəməsi barədə qətnamə çıxarıb. Qətnamə uzun müddət icra olunmayıb və Əli İnsanovun müdafiəçiləri müəyyənləşdirib ki, Vəfa Əlizadənin adına bankların birində səhmlər var. Bu dəfə vəkillər səhmlərin bir hissəsinin (50 min manatlıq) üzərinə həbs qoyulması tələbilə məhkəməyə müraciət edib. Məhkəmə təqdimatı təmin edərək, qərardad çıxarıb. Həmin qərardadı Nəsimi Rayon İcra Şöbəsi icra etməyib. ((Lent.az))