“Yeganə problem idarətemədir, başqa problem yoxdur. Ölkənin torpaq-iqlim şəraiti, su resursu imkan verir ki, Azərbaycan özünü ərzaq buğdası ilə təmin etsin”.
Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmli ölkə başçısı İlham Əliyevin “Kənd təsərrüfatında zəif yerimiz taxılçılıqdır” fikirlərini şərh edərkən deyib.
Prezident Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında etiraf edib ki, Azərbaycan taxıl idxalından asılıdır.
Vahid Məhərrəmli hesab edir ki, düzğün idarəetmə sistemi qurulsaydı, Azərbaycna özünü taxılla və digər dənli bitkilərlə təmin edə bilər: “Yeganə lazım olan odur ki, məhsuldarlığı artırıb maya dəyərini aşağı salasan. Bunun üçün ölkəyə gətirilən mineral gübrənin təsiri zəifdir və məhsuldarlığa pis təsir edir. Su resursu kifayət qədər ola-ola fermer bəzən taxılını suvarmağa su tapmır. Problem idarəçilikdədir”.
“Strategiya yoxdur”
Ekspert prezidentin kənd təsərrüfatı ilə bağlı toxunduğu digər məsələlərə də toxunur, deyir ki, hökumət aqrar sahədə proriteti müəyyənləşdirməlidir: “Nə istəyirlər, hələ də anlaya bilmirəm. Hökumət hər şeylə məşğul olmaq istəyir, amma belə olmur. Bir neçə sahə üzrə ixtisaslaşırsan və ixracını da o üzrə istiqmaətləndirirsən. Həm baramaçılıq, həm pambıqçılıq, həm fındıqçılıq, həm heyvandarlıq, həm zeytunluğu inkişaf etdirmək istəyirlər. Hər hektardan 500-600 kl yığmaqla dünya bazarına çıxmaq olmaz. Türkiyə, İspaniyada hər hektardan 4-5 ton məhsul əldə edirlər, onlarla necə rəqabətə girəcəksən?..”
Vahid Məhərrəmov deyir ki, hökumətin aqrar sahədə strategiyasını görmür: “Hökumət hədəfini aydın müəyyənləşdirə bilmir. Azərbaycanda münbit şərait var, nəyə yönəltsən nəticə əldə edərsən, amma proritet olmalıdır. Dünya təcrübəsində ölkələr müəyyən məhsulların istehsalı üzrə ixtisaslaşırlar, bəzi məhsulları artıq isthesal edib ixraca yönəldirlər”, ekspert vurğulayır.