Sosial şəbəkələrə savaş açmaq əvəzinə, xalqla savaşı dayandırmaq lazımdı
Bir neçə gün öncə deputat Məlahət İbrahimqızı “Sancaq”, “Meydan.Tv” səhifələrinin qapadılmasıyla bağlı təkliflə çıxış etmişdi, bu səhifələrdə hakimiyyət nümayəndələri əleyhinə yazılar paylaşıldığını, ölkə başçısının ünvanına həqiqəti uyğun olmayan fikirlər deyildiyini əsas gətirmişdi.
Əslində, bugünə qədər hökumət nümayəndələrinin dilindən sosial şəbəklərlə bağlı yanıqlı ifadələri çox eşitmişik. Düşündük ki, Məlahət İbrahimqızının da sosial şəbəkələrdən şikayəti sadəcə bir epizoddur və məsələ parlamentdə də yekunlaşacaq.
Amma sonradan məlum oldu ki, BMM-də bu məsələylə bağlı mətbuat konfransı keçirilib və yenidən hökumət sözçüləri ürəklərini boşaldıblar. Ölkədə dərd dağı yaranıb, böhran boğaza çıxıb və bizim deputatlar azad sözün ağzını bağlamaq üçün fürsət gəzirlər.
Bunlar istəyirlər ki, kobud seçki saxtakarlığını, məmur harınlığını, hüquqsuzluğu, korrupsiyanı hamı görsə də, heç kim danışmasın və göstərməsin. Deməli, məmur vətəndaşı təhqir edə bilər, günahsız insanların şərəf və ləyaqəti alçaldıla bilər, xalqın səsi oğurlana bilər, amma hökumət nümayəndəsi haqqında heç kim tənqidi ifadələr işlədə bilməz.
Əlbəttə, biz də təhqirin, söyüşün əleyhinəyik. Amma sosial şəbəkələrdə ölkə reallığı göstərilirsə, AzTv-nin yalanları ifşa edilirsə, layiq olmayan adamalrın vəzifə kürsüsündə oturması pislənilirsə, buna imkan yaratmaq lazımdı. “Sancaq” və “Meydan.Tv” səhifələrinə qarşı aqressiya da məhz bununla bağlıdı. Vəzifəli şəxs özünə hörmət qoymursa, dövlət əmlakını talayırsa, vəzifəsindən sui-istifadə edirsə, ən pis sözlərə də layiqdir. Və belə adamların hər hansı vəzifə tutması xalqı və dövləti təhqir etməkdi.
Digər tərəfdən Məlahət İbrahimqızı və bu qəbildən olanlar ölkədəki ədalətsizliyi niyə müzakirəyə çıxarmırlar? Milli Məclisdə bir dəfə də olsun xalqın dərdindən niyə danışmırlar?
Razılaşdırılmış mitiniqdə iştirakına görə 200 adamın polisə çağırılmasına, Nardaran məhbuslarının ağlagəlməz işgəncələrə məruz qalmasına, Referendum günü yüzlərlə saxtakarlıq faktlarının ortaya çıxmasına niyə etiraz edilmir? Bugünlərdə bütün saytlarda xəbər yayıldı ki, yeniyetmə bir gənci polis idarəsində soyundurb işgəncə veriblər, məcburən etmədiyi cinayəti boynuna qoymağa çalşıblar. Dəalət, şəffaflıq aşiqi olan deputatlar bu məsələni niyə müzakirə etmir? Məlahət İbrahimqızı bu insanlıq terroruna görə BMM-də niyə tədbir keçirmir?
17000 tələbinin təhsil haqqına görə Universitetdən qovulması, 13500 şəhid ailəsinin qan pulunu ala bilməməsi, 2.5 milyon vətəndaşın bank girovluğunda qalması heç kimi naraaht etmir. Milyardların offşorlara daşınması, günahkarların azadlıqda gəzməsi, müəllimlərin seçki saxtakarına çevrilməsi heç bir deputatın sarı siminə toxunmur. Amma sosial şəbəkələrdə ölkə reallığını çılpaq şəkildə göstərilməsi mandat gəzdirənləri narahat edir.
Sosial şəbəkələr ölkənin güzgüsüdür. Daha doğrusu hökuməti, onun fəaliyyətini şəffaf şəkildə göstərir. Bu da hökuməti narahat edir və çıxış yolunu güzgünü sındırmaqda görürlər.
Amma başa düşmürlər ki, güzgü sınanda onların eybəcər siması gözəlləşməyəcək. Ona görə də sosial şəbəkələrə savaş açmaq əvəzinə, xaqla savaşı bitirmək lazımdı.
Samir