Nemət Əliyev: «Bu qərar otuz üç rayonun sosial-iqtisadi vəziyyətinə mənfi təsirini göstərəcək»
2017-ci ilin dövlət büdcəsində bir sıra rayon və şəhərlərə verilən dotasiyalar kəsiləcək. Amma 31 rayon və şəhərin hələ də dövlət büdcəsindən maliyyələşdirilməsi gözlənilir. Bunlardan bir hissəsi işğal olunmuş rayonlar, digərləri hələlik gəlirləri özlərini təmin etməyən rayonlardır.
Onu da qeyd edək ki, 2016-cı ildə bu xətt üzrə 780 milyon manat ayrılıb, gələn il isə bu istiqamət üzrə vəsait 75 milyona qədər azaldılıb.
Bəs dotasiyadan birbaşa asılı olan rayonlara ayrılan vəsaitlərin kəsilməsi nə vəd edir?
İqtisadçı Nemət Əliyev bildirdi ki, hökumətin gələn il büdcə vəsaitlərindən rayonların maliyyələşməsinə ayrılan maliyyəni azaltması təsadüfi deyil. Yalnız Bakı şəhərini çıxmaq şərtiylə rayonların əksəriyyətinin büdcəsinin 50 faizdən çoxunun büdcə tərəfindən maliyyələşdiyini deyən N.Əliyev bildirdi ki, belə bir şəraitdə rayonların sosial-iqtisadi inkişafına, rayonlarda yaşayan əhalinin gəlirlərinin artırılmasına nail olmadan belə bir addım atılmamalıdır: «Bunun çox ciddi fəsadları görünəcək. Əgər rayonlara gərəkən vəsaitlərin 50 faizini dövlət ödəyirdisə və bununla belə regionların sosial vəziyyəti kifayət qədər ağır idisə, kömək kimi verilən dotasiyalar da dayandırılır. Bu otuz üç rayonun sosial-iqtisadi vəziyyətinə mənfi təsirini göstərəcək. Böyük ehtimal ilə bu rayonlarda rüşvət və korrupsiya genişlənəcək. Yaranan bu boşluğu doldurmaqdan ötrü kiçik padşahlar rayonlarda fəaliyyət göstərən xidmət, ticarət və digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların üzərinə səlib yürüşü təşkil edəcəklər».
N.Əliyev onu da bildirdi ki, rayonlarda əsas fəaliyyət sektoru kənd təsərrüfatıdır. Amma uzun müddət baxımsızlıq nəticəsində aqrar sektorun gəlirlik səviyyəsi xeyli dərəcədə aşağı düşüb. Əhalinin eyni zamanda əkin-biçin üçün lazım olan maliyyəni qarşılamaq imkanları yoxdur.
Xəyal