Referendum bitdi, “Gülən əməliyyatı”na başlanılacaqmı?
Türkiyəli jurnalist İlhami Yangının nəşr etdirdiyi “Cemaatın ilk darbesi” adlı kitabı Azərbaycan gündəminə də bomba kimi düşüb. Səbəb kitabda FETÖ-nun Azərbaycan bağlantıları haqqında ilginc faktların yer almasıdır. Hazırda Türkiyə mediasının da əsas gündəmi bu kitabdır.
Kitabda “Gülən şəbəkəsi”nin hələ 1990-cı illərdə Azərbaycana necə sızdığı və Əbülfəz Elçibəy hökumətini devirib, Heydər Əliyevi hakimiyyətə gətirmək üçün nələr etdiyi də əksini tapıb.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana yaxın media quruluşlarının bu kitaba xüsusi diqqət yetirməsi bəzi mülahizələrə səbəb olub. Ekspertlər bildirir ki, İlham Yanginin kitabı Azərbaycan hakimiyyətinə son mesaj ola bilər. “Gülən şəbəkəsi”nin Azərbaycanda ciddi dayaqlarının olması sirr deyil. Türkiyə hakimiyyəti ilə Fətullah Gülən arasında münasibətlərin gərginləşdiyi ilk vaxtlarda bu məsələ gündəmə gəlmişdi. Hətta Ərdoğanın Azərbaycan hakimiyyətindəki “gülənçilər”lə bağlı rəsmi Bakıya siyahı təqdim etdiyi də iddia edilirdi. Bir neçə il əvvəl yerli mediada “nurçu qalmaqalı” kimi təqdim edilən olayların kökündə də bu dayanırdı. Lakin hakimiyyət rəsmi Ankaranın tələb etdiyi şəkildə tədbirlər görmədi. Bir-iki nəfər adı “gülənçilər”lə əlaqədə hallanan şəxs yüngül şəkildə cəzalandırıldı. Türkiyədə 15 iyul hərbi qiyam cəhdindən sonra isə Ankaranın “gülənçilər”lə bağlı rəsmi Bakıdan tələbləri sərtləşdi. Nəticədə hakimiyyət Qafqaz Universitetini qapatmaq məcburiyyətində qaldı. Lakin Ankaranı daha çox maraqlandıran hakimiyyətdəki “gülənçilər”in sıradan çıxarılması olduğundan Bakı vaxt udmaq üçün referendumu bəhanə elədi. Hər halda yerli mətbuatda bu yöndə müəyyən məlumatlar yayılmışdı və rəsmi şəkildə təkzib olunmamışdı. Hakimiyyətin diqqəti yayındırmaq üçün müxalifətçiləri “gülənçi” adı ilə həbs etməsi də işə yaramadı. Daxili işlər naziri Ramil Usubovun Türkiyəyə səfəri və orda FETÖ-ya qarşı ciddi tədbirlərin görüləcəyi barədə bəyanat verməsi Ankaranın israrlarından xəbər verirdi.
Artıq referendum geridə qalıb və Ankara hakimiyyətdən dövlət strukturlarına sızmış “gülənçilər”i sıradan çıxarmağı gözləyir. İlhamı Yanginin kitabı ətrafında yaradılan ajiotaj da bu gözləntinin təzahürü sayıla bilər”.