“Dollar tələbinin səbəbləri araşdırılmalıdır”
Məhəmməd Talıblı: “İqtisadiyyatın bütün sektorlarında təsirli islahatlar həyata keçirilməlidir “
Mərkəzi Bankın bu gün Dövlət Neft Fondu (ARDNF) ilə birgə keçirdiyi valyuta hərracında 14 kommersiya bankı iştirak edib. Məlumata görə, banklara 48,9 mln. ABŞ dolları satılıb.
Xatırladaq ki, hərraca ARDNF 100 mln. dollar, AMB isə 50 mln. dollar çıxarıb.
Maraqlıdır ki, referenduma qədər hərraca çıxarılan valyutanın həcmini artıran MB və Neft Fondu hazırda əvvəlki ssenarisinə qayıdır. Referenduma qədər keçirilən hərraclarda 300 milyon dollar hərraca çıxarılaraq satılsa da, bu bankların tələbatını ödəmirdi. Nəticədə banklar dollar satışına məhdudiyyət tətbiq etməyə başladılar. Həmin dönəmdə mövcud olan problemlər hələ də çözülməmiş qalmaqdadır. Ölkənin ixracı yenə də neft və neft məhsullarından əhəmiyyətli dərəcədə asılıdır. Bundan başqa ölkənin idxaldan aslılığı da aradan qaldırılmayıb. MB rəhbəri Elman Rüstəmov son açıqlamasında etiraf edib ki, ölkənin tədiyyə balansında 6 milyardlıq kəsir əmələ gəlib. Bu göstərici bu ilin 6 ayına məxsusdur. Digər tərəfdən E.Rüstəmov manatın məzənnəsinə inflyasiyanın da ciddi təsir etdiyini bildirib.
Belə olan halda iqtisadi problemlərin daha da dərinləşdiyi bir dönəmdə MB-nin hərraclarda yenə əvvəlki siyasətə qayıtması manata nə vəd edir? Çünki bu metod bir müddət əvvəl özünü doğrultmadı.
İqtisadçı Məhəmməd Talıblının fikrincə, problem təkcə dollar qıtlığında deyil. Öncə dollar tələbinin elastik olmasının səbəbləri araşdırılmalıdır. M.Talıblının sözlərinə görə, MB və NF-nin bazara dollar təklifi hələ ona avtomatik tələbin yaranması demək deyil: “Əksinə bir çox hallarda tələb təklifi doğrur. Tutaq ki, çörəyin qiyməti qalxsa, onu almayacaqsız? Təbii ki, alacaqsız! Bizdə də monetar qurum rəhbərlərində belə bir təəsurat yaranıb ki, dolları valyuta bazarı ilə təmin edirsən, bu dollara tələbi aşağı salınmasına gətirib çıxarır. Tamamilə yalnış siyasətdir. Biz dollar tələbinin güclü olmaması səbəbini ölkədəki iqtisadiyyatın ümumiləşmiş tendensiyalarında axtarmalıyıq”.
M.Talıblı bildirdi ki, əgər istehlak bazarında 37 faizlik bir azalmalar varsa, idxalda ötən ilin müvafiq dövrü ilə müqayisədə mal pozisiyalarında ciddi düşüklər qeydə alınırsa, demək həmin məhsulları ölkəyə gətirən sahibkarın da dollar tələbi olmayacaq: “Digər tərəfdən idxalçı ilə yerli istehsalçının toplam mal kütləsi yerli bazarda alıcılar tərəfdindən əvvəlki həvəslə alınmırsa, əksinə əvvəlki istehlakın 63 faizi səviyyəsində təmin olunursa, demək dollar tələbi da yüksəlməyəcək. İqtisadiyyatda hər hansı bir neqativ tendensiyanı bir sektorun əlahiddə götürülmüş durumu ilə əlaqələndirmək diletenatlıq olardı. Orada kompleks amillər çıxış edir. Sektorların biri-birinə qarşılıq olaraq birbaşa və dolayı təsir kanalları mövcuddur. O baxımdan valyuta bazarında dollar tələbinin azalmasını yalnız bir sektorun daxili problemi kimi təhlil etmək doğru olmaz. Biznes infrastrukurunun digər 14 elementində onu şərtləndirən amillər mövcuddur. Ona görə, fərdiləşmiş formada yox, iqtisadiyyatın bütün sektorlarında təsirli islahatlar həyata keçirilməlidir”.
Xəyal