Hökumətin bütün qərarları böhranı dərinləşdirməyə xidmət edir
Uzun illər hökumət neftdən gələn milyardlar hesabına milli valyutanı süni şəkildə şişirtmişdi. Gecə-gündüz təbliğat aparırdılar ki, Azərbaycan manatı dollardan bahadır və bu uzaqgörən siyasətin nəticəsidir. Manatın ucuzlaşmasına qədər hökumət bütün rəqəmləri də dollarla ifadə edirdi. Məsələn, “25 milyard dollar büdcəmiz” deyirdilər. Çünki, büdcən imanatla ifadə edəndə rəqəm kiçik səslənirdi. Amma neftin qiymətinin kəskin şəkildə ucuzlaşması göstərdi ki, hökumət yaxını da görə bilmirmiş. İndi bütün rəqəmləri manatla ifadə edirlər. Artıq “10 milyard dollar büdcəmiz var” deyə bilmirlər, “16 milyard manat büdcəmiz var” deyirlər. Reallıq isə budur ki, bir neçə il ərazində büdcəmiz təxminən 15 milyard dollar itirib və iqtisadiyyat sürətli tənəzzül mərhələsinə qədəm qoyub. Təbii ki, manatın 100 faizdən artıq dəyər itirməsi ölkəyə yatırılan kapitalın da kəskin azalmasına gətirib çıxarıb. Büdcəmiz kiçildikcə, büdcə xərcləri də azalmağa başlayıb. Daha doğrusu büdcə xərclərini qayçılamağa başlayıblar. Amma bu qayçılama prosesi məmurların komfortuna, müxtəlif ölkələrdəki xeyriyyə layihələrinə, korrupsiyaya təsir göstərməyib.
Büdcənin sürətlə kiçilməsi artıq öz təsirini bütün sahələrə göstərməkdədir. Belə ki, Gələn ilin büdcə layihəsinə görə, yerli gəlirləri öz hesabına təmin edəcək rayon və şəhərlərin sayı 33-ə çatdırlıb. Beləliklə əgər indiyədək Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərləri, Abşeron, İmişli rayonları büdəcədən dotasiya almırdılarsa, gələn il onlara aşağıdakı rayon və şəhərlər də qoşulacaq: Gəncə, Lənkəran, Şəki, Yevlax şəhərləri, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonları.
Bəli, bu 33 rayon 2017-ci ildə xərclərini öz maliyyələri hesabına ödəyəcəklər. Necə deyərlər, bu yerdə qəribi ağlamaq tutur.
Əvvəla, uzun illər ərzində bölgələrdə dayanıqlı iqtisadi ssitem qurulmayıb ki, bu rayonlar daxili resurslar hesabına dolana bilsinlər. Yəni, uzun illər ərzində ölkədə monopoliyahökm sürüb, azad sahibkarlığa şərait yaradılmayıb, kəndli məhsulunu bazara çıxarmaqda çətinlik çəkib, bölgələr iri məmurlar arasında bölünüb və nəticədə əmək qabiliyyətli adamlar bölgələri tərk edib, iş adamları qonşu ölkələrə üz tutub. Deməli, bu rayonların daxili imknalar hesabına ayaqda qalmaq çansı yoxdur.
İkincisi, hökumət belə bir addımı o zaman ata bilərdi ki, heç olmasa neqativ ənənələr aradan qaldırılsın. Yəni, sahibkardan qeyri-rəsmi ödəniş tələb etmək, “qodovoy” vergi almaq, müxtəlif dövlət qurumlarının “haqq” tələb etməsi, icra başçısının, “uçaskovu”nun “hörmət”i kimi “ənənə”lər qaldığı halda, datasiyanın kəsilməsi absurddur. Belə çıxır ki, bu 33 rayonda sosial-iqtisadi vəziyyət daha da çətinləşəcək. Canvarlar həmişəki kimi şikar axtaracaq, vətəndaşlar isə son ümidini paylamalı olacaq.
Faktiki olaraq hökumət onsuz da ağır vəziyyətdə olan bölgələri Allahın ümidinə buraxdı. Milyardlarla neft pulunun ölkəyə axdığı vaxtda, hər il datasiya ayrıldığı halda bu bölgələr səfalətin məngənəsindən qurutla bilməyibsə, indiki qərara görə tamam sahibsiz buraxılıblar. Bu da hökumətin “islahat”ı,”anti-böhran” tədbiri. Referendumdan sonra vəziyyətin daha ağır olacağı bildiriləndə, məhz bu kimi hallar nəzərdə tutulurdu. 23 il ərzində bölgələr üçün heç bir sığorta kəməri düzəltmədikləri halda, 33 rayonu datasiyadan məhrum edirlər.
Mənasız yarışlardan imtina etmək, dünyanın müxtəlif ölkələrində xeyriyyə layihəsi adıyla milyonlar xərcləməyi dayandırmaq əvəzinə, bölgələrin datasiyasını kəsirlər. Yəqin ki, bu 33 rayona veriləcək datasiyanı hansısa ermənipərəst ölkənin abadlaşdırılmasına sərf edəcəklər.
Nəhayət, datasiyadan məhrum olunmuş rayonların sayının 6-dan 33-ə qalxması, ölkədə sosial-iqtisadi vəziyyətin sürətlə pisləşməsinin rəsmi etirafıdır. Hökumət vəziyyətdən çıxış yolu axtarmaq əvəzinə, xalqı çıxılmaz vəziyyətə salmağın yollarını axtarır.
Samir