Hökumət indi də Referendum nağılına start verib
Hökumət hələ də inanır ki, xalqı “inkişaf nağılları” ilə aldatmaq olar. Bəli, “xalq susursa, deməli yalanlarımıza aldanır” qənaətindədilər. Ona görə də bu qədər yartımazlıqdan, bu qədər anti-milli fəaliyyətdən sonra da köhnə nağılları davam etdirməyə başlayıblar. Neftdən gələn 150 milyard dolların hesabatını vermək əvəzinə, növbəti inkişaf planlarından dəm vururlar. İndi də xalqa təsəlli verirlər ki, Referendumdan sonra sürətli inkişaf fontan vuracaq.
YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədov “Azərbaycan” qəzetinə müsahibəsində belə deyib: “Prezident İlham Əliyevin islahatları qarşıdakı illərdə yeni böyük inkişafın olacağına inamı daha da gücləndirir. Bir daha əmin olursan ki, Azərbaycanın bu günü və gələcəyi İlham Əliyevlə bağlıdır. Ölkəmizin firavan gələcəyini düşünən hər bir vətəndaşımıza bunu unutmamağı tövsiyə edirəm”.
Görəsən, Əli Əhmədov hansı islahatlardan danışır? Niyə inkişaf göstəricilərini konkret sadalaya bilmir? Manatın iki dəfə devalvasiyaya məruz qalması, xarici borcun sürətlə artması, bank sisteminin iflic vəziyyətə düşməsi, təhsil və səhiyyənin biabırçı halda olması, ölkə əhalisinin yarısının kredit girovuna çevrilməsi, bir qarış torpağın işğaldan azad edilməməsi, vətəndşaların sürətlə ölkəni tərk etməsi, korrupsiyanın meydan sulamasıdırmı islahat?
Əli Əhmədov baş nazirin müavini təyin olunduqdan sonra səhiyyə sahəsinə kuratorluq edəcəyi bildirildi. Amma onun təyinatından sonrakı dövr səhiyyə sahəsində faciəli halların sayı durmadan artdı, insan ölümləri adi hala çevrildi, dərman mafiyası yenə də iş başındadır. Axı, bu necə islahat və inkişafdır ki, yalnız hökumət komandasınnı gözünə görünür?
Maraqlıdır, Konstitusiyaya edilən əlavə və dəyişikliklər hansı sahələrə stimul verə bilər? Konstitusiyanın dünənə qədərki vəziyyəti hansı sahənin inkişafına əngəl törədirdi? Korrupsiyanın kökünü kəsməyə, monopoliyaları ləğv etməyə, hüquqsuzluğu aradan qaldırmağa, demokratik islahatlar aparmağa köhnə Konstitusiya imkan vermirdi? Bəlkə Referenduma qədər olan Konstitusiya hüquqsuzluğa, oğurluğa, repressiyaya, korrupsiyaya haqq qazandırırmış?
Göründüyü kimi, hökumətin Referendum təbliğatının heç bir əsası yoxdur və islahat aparmaq istəyən komanda üçün Konstitusiyanın heç bir maneəsi olmayıb. Sadəcə olaraq ölkənin ağır vəziyyətində sülalə hakimiyyətini rəsmiləşdiriblər və bunu həzm etdirmək üçün nağıl danışmaq növbəsinə durublar. Ölkə hər gün tənəzzülə doğru getdiyi halda, bunlar islahatlardan dəm vurur.
Əli Əhmədov daha sonra bildirib ki, müxalifətin referenduma etirazını onların özlərindən savayı duyan olmadı: “Ən azından onların etirazları, keçirdiyi mitinqlər əhali tərəfindən soyuq etinasızlığa tuş gəldi. Nəhayət, referendum aktına və ümumiyyətlə, bu ideyaya etiraz edən müxalifət müzakirəyə çıxarılan məsələləri bir kənara qoyub tamam başqa problemlər barədə bəyanatlar səsləndirirdi. Beləliklə, müxalifətin antireferendum taktikası və cəhdləri tam iflasa uğradı. Deyə bilərəm ki, onların referendumun keçirilməsinə mane olmaq üçün təşkil etdikləri uğursuz aksiyalar onsuz da zəif olan mövqelərini daha da aşağı saldı”- deyə Əli Əhmədov bildirib.
Bu yerdə “utanmasan oynamağa nə var ki” deyimi yada düşür. Əgər müxalifətin nüfuzu yoxdursa, Yap hakimiyyəti mitinqdən əvvəl yüzlərlə fəalı niyə həbs edirdi, niyə bütün yollar qapadılmışdı, niyə dövlət idarələrinə, təhsil müəssisələrinə xüsusi ultimatum verilmişdi, niyə telekanallar mitinq əleyhinə təbliğat küləyi əsdirirdi? Yaxşı olar ki, Əli Əhmədov internetdən istifadə etsin və mitinqdəki kütləviliyə nəzər salsın. Əslində, mitinqdən əvvəl və sonra yüzlərlə fəalın polis bölmələrinə çağırılması, insnaların qorxdulması, hakimiyyətin cəmiyyətdə nüfuzunun olmadığının etirafıdır.
Müxalifətin anti-referendum təbliğatının iflasa uğramasına gəlincə, Əli Əhmədov bu yerdə “tormoz”lasa yaxşıdı. Çünki, məhz müxalifətin təbliğatı nəticəsində xalq Referendumu boykot etdi. Hökumət o qədər pərt vəziyyətə düşdü ki, kameralar qarşısında saxtakarlıq etməkdən də çəkinmədi. Ölkə üzrə seçki fəallığı 10 faiz də olmadı. Büdcə təşkilatlarında çalışanların şantaj olunması, JEK işçilərinin karusel əməliyyatları, müəllimlərin canfəşanlığı da saxtakarlığı gizlədə bilmədi. Yüzlərlə saxtakarlıq videoları sosial şəbəkələrdə dövr elədi və bu proses hələ də davam edir.
Milyonlarla insanın bu saxtakarlıqları izlədiyi halda, Əli Əhmədovun Referendumdan bəh-bəhlə danışması, bu hökumətin heş vaxt islah olunmayacağının sübutudur. Əgər aşkar olan saxtakarlığı utanmadan dana bilirləsə, gizlində bu dövlətin taleyi ilə necə oynadırlarını təsəvvür etmək çətin deyil.
Müxtəsər, hökumət novbəti dəfə xalqın başının altına yastıq qoyaraq, növbəti səfalət mərhələsini də keçmək istəyir. Düşünürlər ki, 23 illik ənənə davam edəcək və xalq 24-cü ildə də bir qrup adamın köləsinə çevrilməyi qəbul edəcək. Müxalifəti ləkələməkdə məqsəd isə, alternativləri xalqın gözündən salmaq cəhdidir. Amma indi internet əsridir, hökumətin bütün yalnaları faktlarla ortadadır və bundan sonra nağıllar yuxu gətirməyəcək.
Samir