Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov təxribatla üzləşib. Bu barədə məlumatı “Azadliq” qəzetinə Vahid Məhərrəmovun özü verib. Onun sözlərinə görə, bu gün səhər 10-dan etibarən mənzilinə verilən elektrik enerjisi heç bir səbəb olmadan kəsilib: “Borcum yoxdur. Amma işığı kəsiblər, səbəbi bəlli deyil”. Onun müraciəti əsasında “Azadlıq” qəzeti məsələ ilə əlaqədar “Azərişıq” ASC ilə əlaqə saxlayıb. “Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, qurumun nümayəndələri məsələni yerində araşdıracaq. Bundan sonra əməkdaşımız yenidən Vahid Məhərrəmovla əlaqə saxlayıb. Bəlli olub ki, “Azərişıq” ASC-nin nümayəndələri həqiqətən də Vahid Məhərrəmovun yaşadığı “Belıy Lebed” MTK tərəfindən inşa olunan Yeni Yasamal qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi 15 də yerləşən binaya gəliblər. “Azərişıq” ASC-nin nümayəndələri Vahid Məhərrəmovun mənzilinə gedən elektrik enerjisini bərpa etmək istəsələr də, binanın Səttar adlı komendantı buna mane olub. Həmin şəxs bununla kifayətlənməyərək Vahid Məhərrəmova da hücum çəkib, eksperti küçə söyüşləri ilə təhqir edib. Komendantın sözlərindən belə anlaşılıb ki, Vahid Məhərrəmovun işıqsız qalması onun müxalifətçi olması ilə bağlıdır. Ekspert məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirib.
Məlumat üçün deyək ki, Vahid Məhərrəmov Milli Şuranın son mitinqlərinin təşkilatçılarından biri olub.
azadlıq.info