Rusiyanın aşağı iqtisadi göstəriciləri 1980-ci illərin yenidənqurma dövründəki situasiyanı xatırladır, – “Renessans Kapital” yazır. “Yeni yenidənqurma” proqramını Aleksey Kudrin yaza bilər, ancaq çətin ki, bu proqram özündə dərin reformları ehtiva edə bilsin.
Rusiyadakı iqtisadi vəziyyət ilə SSRİ-nin son dövrləri arasında getdikcə daha çox paralelllər üzə çıxır: ÜDM-in artım tempi qarşıdakı illərdə 1-1.5 faiz təşkil edəcək, bunu Sovet İttifaqının 1978-1990-cı illərdəki ortalama artım tempinə ilə müqayisə etmək olar. 1980-ci illərdə neftin qiymətinin düşməsi nəticəsində 1950-1978-ci illərdəki 4.4 faizlik ortalama artım tempi SSRİ-nin sonrakı illərində 1.2 faizlə əvəzləndi, – “Renesans”-ın baş iqtisadçısı Çarli Robertson deyir. Qorbaçovun reformları nə ölkənin iqtisadi perspektivini yaxşılaşdıra bildi, nə də siyasi çöküşün qarşısını ala bildi. Bu gün də Rusiyada kollapsın baş verməsi mümkündür. Robertson bildirir ki, hazırki iqtisadiyyat 1980-ci illərdən fərqlidir, bəlkə “yeni yenidənqurma” tədbirləri artım tempini 2 faizin üzərinə çıxara bilər.
“Renesans”-ın analitikləri bildiriblər ki, 1980-ci illərdə neft qiymətlərinin çöküşünün SSRİ, İran, Meksika, Əlcəzairə gətirdikləri dəyişikliklərlə analogiya aparsaq, Rusiyada demokratizasiya proseslərinin 2018-2020-ci illərdə baş verəcəyini proqnozlaşdırmaq olar. İqtisadçılar Rusiyaya “açıq yarıavtoritar rejim” kimi yanaşır, hansı ki, adambaşına düşən Ümumi Daxili Məhsul 15-25 min dollar arasında olanda demokratiyaya keçid ehtimalı maksimuma (10%) çatır. İndi Rusiyada bu, 24 min dollar təşkil edir, bəlkə də Rusiya “orta gəlir tələsi”-nə düşüb.
Beynəlxalq Maliyyə Fondunun aprel dəyərləndirməsinə görə, 2016-2021-ci illərdə neft qiymətlərinin düşüşünün təsirilə adambaşına düşən ÜDM illik 2% artım nümayiş etdirəcək. Bunu SSRİ-nin 1978-1990-cı illərdəki 1%-lik orta illik artım tempi ilə müqayisə etmək olar. Fərq ondadır ki, SSRİ kommunist sistemə malik idi, Rusiya isə bazar iqtisadiyyatına, – “Renesans” bildirir. Müəlliflər bildirir ki, Aleksey Kudrinin hazırladığı “yeni yenidənqurma” proqramı çətin ki, dərin institutional və liberal reformlara səbəb olsun.
“Yenidənqurma” həm də siyasi islahatlar tələb edir. Ancaq sonuncu parlament seçkilərinə nəzər yetirsək, rəsmi nəticələr heç də hakimiyyətə dəstəyin real ifadəsini əks etdirmir. Rəsmi nəticələrə görə parlamentdəki yerlərin 76 faizinə Putinin Vahid Rusiya Partiyası sahib olub. Seçkilərdə aşağı iştirak dərəcəsini (40%) büdcə xərclərinin real ifadədə azalması səbəbi ilə “xalqın etirazı” kimi başa düşmək olar.
“Renesans Kapital”-ın iqtisadçısı Oleq Kuzmin hesab edir ki, qarşıdakı illərdə Rusiyanın ÜDM-i baza ssenarisində 1-1.5 faiz artım nümayiş etdirəcək. Artım 2-2.5 faizə o zaman çata bilər ki, Qərb Rusiya üzərindən sanksiyaları götürsün və ölkədə pensiya yaşı artırılsın. Ancaq “Renesans Kapital” sanksiyaların götürülməsini çox zəif bir ehtimal hesab edir.