AXCP sədri Əli Kərimli Facebook səhifəsində referendumla bağlı fikirlərini paylaşıb. O, ilkin mövqeyini səsvermə başlayandan bir neçə saat sonra ifadə edib. Sonra isə prosesin gedişi və nəticələr barədə yazıb. AXCP sədrinin yazdıqlarını təqdim edirik:
– Xalqımız referendumu hamılıqla boykot edir. Seçki məntəqələrində tam bir sükunətdir. Seçici aktivliyinin heç görüntüsünü də yarada bilməyiblər. Neft pullarının azalması ilə paralel hakimiyyətin xalqı səfərbər etmək gücü də azalıb. Xalqımızın bu hakimiyyətə heç bir real dəstəyi yoxdur. İstəyirlər, ümumiyyətlə seçkiləri rəsmən ləğv edib, özlərini ömürlük hakimiyyət elan etsinlər, xeyri yoxdur. Rejim əvvəlki qaydada idarə edə, xalq da əvvəlki qaydada yaşaya bilmir. Köklü dəyişiklik uzaqda deyil!
– Sosial şəbəkələrdən bülletenlərin topa-topa seçki qutularına doldurulmasını, eyni adamların “karusel” əməliyyatı ilə bir neçə məntəqədə səs verməsini izləyirəm. Təəssüf ki, bu saxtakarlıqları çox vaxt qadınların əli ilə edirlər. Xalqımızı bu saxtakarlığa cəlb edənləri, xüsusilə də belə çirkin işə Azərbaycan qadınını qoşanları şiddətlə qınayıram. Haradadır “mentalitet keşikçiləri”? Niyə qadınlarımızın bu şəkildə alçaldılmasına etiraz etmirlər?
– Azərbaycan Konstitusiyası xalqın əksəriyyətinin xəbəri və iştirakı olmadan dəyişdirildi. Bütün hər şeyi qoyaq bir kənara, hansı xalq mülkiyyət hüququnun əlindən alınmasına səs verər? Təbii ki, heç bir xalq belə təklifə səs verməz. Bizim xalqımız da səs vermədi. Rejim kiçik bir qrup saxtakarın, karyeristin köməkliyilə Konstitusiyanı saxtalaşdırdı. Əvəzində isə xalqdan daha da qopdu. Xalqımız bir daha əmin oldu ki, rejim başbilənləri ölkə əhalisinə vətəndaş kimi yox, vəzifəsi ağalarına xidmət etmək olan təbəə kimi baxır. Əminəm ki, xalqımız bu hörmətsizliyi unutmayacaq və vaxtı çatdığını düşünəndə bütün bu hörmətsizliklərin hesabını rejimdən soruşacaq!