Nemət Əliyev: «Gəlirlər kəskin şəkildə azalırsa, deməli gələn ilin büdcəsinin gəlir və xərcləri də buna müvafiq azalacaq»
Sentyabrın 22-də 2017-ci ilin büdcəsi dövlət başçısı İlham Əliyevə təqdim olunub. Amma maraqlı olan məqam odur ki, hazırda ciddi maliyyə problemləri yaşay an ölkənin gələn il üçün büdcəsi necə gəlirlə təmin ediləcək. Çünki hazırda iqtisadiyyatda istehsal demək olar ki, dayanıb, sahibkarlara qarşı olan təzyiqlər bu sektoru yarıcan edib. Ölkənin tam formada idxaldan asılı olduğu bir zamanda isə idxal süni şəkildə məhdudlaşdırılır. Bundan başqa manatın iki kəskin devalvasiyası əhalinin alıcılıq qabiliyyətinə neqativ təsir edib.
İqtisadçı Nemət Əliyevin fikrincə, 2015-ci ilin dövlət büdcəsi dollarla ifadə 25 milyard olub. 2016-ci ilin büdcəsi isə xarici valyuta ilə hesablayanda təxminən 12 milyard dollar olub. N.Əliyevin sözlərinə görə, 2016-cı ilin büdcəsi alıcılıq qabiliyyətiylə hesablayanda təxminən 2 dəfədən çox azaldılıb: «Əgər biz bu ilin dövlət büdcəsinin icra olunmasına göz gəzdirsək görərik ki, iki dəfə azaldılmış büdcənin də icrasında problemlər yaranıb. Büdcə 25-30 faiz kəsirlə icra olunur. İlin sonuna qədər bu tendensiya davam edəcəksə, bütövlükdə büdcənin icrasında problem yaranacaq. Büdcənin icra olunmasında vəziyyət budur. Deməli iki dəfə ixtisarın üzərinə 30 faiz kəsiri də gəlmək lazımdır. Bu cür vəziyyətin yaranmasına səbəb ölkənin gəlirlərinin kəskin şəkildə aşağı düşməsidir. Səkkiz aylıq ÜDM üzrə Azərbaycanın gəlirləri 12 milyard dollar azalıb. İlin sonuna qədər bu gəlirlərin daha çox azalacağı gözlənilir. Gəlirlər kəskin şəkildə azalırsa, deməli növbəti ilin büdcəsinin gəlir və xərcləri buna proporsional şəkildə azalacaq».
N.Əliyev vurğuladı ki, hökumət ənənəsinə sadiq qalaraq görüntü xatirinə reallıqdan uzaq büdcə qəbul edir. 2017-ci ilin də büdcəsini reallıqdan uzaq şəkildə qəbul edə bilərlər. Amma bu heç nəyi dəyişmir. Nəticədə daha ağır vəziyyət yaranır: «Ölkə iqtisadiyyatına daha bir təhlükə investisiya xərcləri ilə bağlıdır. Çünki 2015-ci ilin büdcəsində 6.9 milyard investisiya xərcləri nəzərdə tutulmuşdu. Bu ilin büdcəsində 2.5 dəfə kiçildildi və 3 milyarda salındı. Həmin o 3 milyardın özü də icra olunmayıb. Əgər investisiya xərcləri üzrə səkkiz aylıq dövrdə 3 milyardın icra qrafikinə baxsaq görərik ki, onun 50 faizə qədər icra olunmayıb. İlin səkkiz ayı arxada qalıb. Amma 3 milyarddan 926 milyon manat xərclənib. İnvestisiya xərclərinin kəskin şəkildə ixtisar olunması perspektivlə bağlı heçnə vəd etmir. Bu iqtisadi fəallığı əhəmiyyətli dərəcədə zəiflədir. İqtisadi fəallığın zəifləməsi isə iş yerlərinin itirilməsinə, maaşların gecikməsinə səbəb olur. Bu da bütövlükdə əhalinin sosial, ölkənin isə iqtisadi vəziyyətinin ağırlaşması ilə nəticələnir».
Xəyal