Vahid Məhərrəmov: «Pambıqçılıq Azərbaycan iqtisadiyyatını dirçəldə bilməz»
Ötən illər ərzində ölkəyə gələn 130 milyarddan çox neft pulu hesabına ölkə iqtisadiyyatını dirçəldə bilməyən hakimiyyət hazırda fərqli taktika tutub. «Neft gəlirlərini unudun» kimi etirafları ən yüksək səviyyədə dilə gətirən iqtidar «alternativlər» də təklif edir. Alternativ isə nə qədər qəribə olsa da pambıqçılıqdır. Hakimiyyət cəmiyyətə o fikri aşılamağa çalışır ki, itirilən neft gəlirləri pambıqçılığın inkişafı və məhsulun dünya bazarına çıxarılması hesabına kompensasiya ediləcək.
Sentyabrın 22-də “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” Sərəncam imzalanıb.
Sərəncama əsasən, satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya nəzərdə tutulub. Subsidiya 2016-cı ildə istehsal olunan və emal müəssisələrinə satılmış xam pambığa da şamil edilir.
Eyni zamanda o da nəzərə alınmalıdır ki, hazırda dünyanın pambıq bazarında tənənzül yaşanır. Çünki hazırda bazar təkliflə dolub və hazırda gərəkəndən çox pambıq istehsal olunur.
Bu gün dünya bazarında pambığın qiyməti çox aşağıdır. Hər il dünyada 25 milyon ton pambıq istehsal olunur. Bunun da 24 milyon tonuna tələbat var. Yəni hər il 1 milyon ton ehtiyat yaranır.
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov pambıqçılığın ölkə iqtisadiyyatını dirçəldəcəyinə inanmır: «Pambıqçılıq Azərbaycan iqtisadiyyatını dirçəldə bilməz. Bu il ən yaxşı halda pambıq satışından ölkəyə 40-45 milyon dollar vəsait gələcək. Halbuki taxıl idxalı üçün ölkədən 400 milyon dollar vəsait çıxarılacaq. Pambıq istehsalı, bu sahədə elmi, texnologiyanı inkişaf etdirmiş Çin, ABŞ, Hindistan, Pakistan, Özbəkistan, Braziliya, Türkiyə kimi böyük ölkələr üçün əlverişlidir. Elmi yüksək səviyyədə inkişaf etdirmədən Azərbaycanda pambıqçılığı, baramaçılığı və digər sahələri inkişaf etdirmək mümkün olmayacaq.».
Ekspert eyni zamanda qonşu ölkələrlə pambıqçılıq sahəsinədə atılan adım və fermerlərə verilən vəsaitlə bağlı müəyyən müqayisələr aparıb: «İranda emal müəssisələri, tədarükçülər fermerlərdən pambığın 1 kiloqramını 3 min tümənə, yəni 1, 5 manata alırlar. Azərbaycanda 50 qəikdən tələb olunur. Türkiyədə fermerlər istehsal etdikləri pambığın 1 kiloqramınaı 90 sentə satır. Azərbaycanda 33 sentə alırlar».
Xəyal