Samir Əliyev: “Milli valyuta dəyər itirdiyindən idxal məhsullarının qiyməti bahalaşır və nəticədə idxal məhsullarına tələbat azalır”
Bu günə olan məlumata görə, gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 1,6 mlrd. manat daxil olub. Bu rəqəmi Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.
Bu, büdcə proqnozundan 200 mln. manat, yəni təqribən 11% azdır.
Bəs bu azalmanın səbəbi nədir? Ekspertlər bunu bir neçə faktorla bağlı olduğunu düşünür. Birinci məqam kimi ölkəyə idxalın süni şəkildə azldılmasıdır. Bu öz növbəsində Gömrükdən daxilolmalara təsir edib.Digər tərəfdən ölkədə sosial-iqtisadi durumun ağır olması əhalinin gəlirlərini azaldıb. Manatın sürətlə dəyər itirməsi əhalinin alıcılıq qabiliyyətinə də təsir edib ki, bu da Gömrükdən daxil olmalara təsir edib.
Daha bir məqam isə korrupsiya və rüşvətlə bağlıdır. Çünki bir müddət əvvəl korrupsiya pəhrizi saxlayan bu strukturda daxil olmalar artmışdı. Hətta bu artımı dövlət başçısı keçirdiyi toplantıda da vurğulamışdı.
İqtisadçı Samir Əliyev bildirdi ki, hazırda həm idxalda, həm də ixracda azalma var. Bu azalmanın səbəbləri milli valyutanın ucuzlaşmasından irəli gəlir. Çünki bu proses həmişə idxala zərər vuran faktordur: “Milli valyuta dəyər itirdiyindən idxal məhsullarının qiyməti bahalaşır və nəticədə idxal məhsullarına tələbat azalır. Eyni zamanda yay aylarından başlayaraq yaranan dollar qıtlığı da idxala problem yaratdı. Bu məqam da idxalı bahalaşdırdı. Baha qiymətə alınan dollar idxal məhsullarını bahalaşdırdı”.
S.Əliyevin sözlərinə görə, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi də gömrükdən gələn maliyyəyə mənfi təsir edir. “İş yerlərinin bağlanması, büdcədən ayrılan investisiya xərclərinin azalması, Rusiyadan gəlir maliyyənin aşağı düşməsi alıcılıq qabiliyyətinə təsir edib. Gömrük keçidində idxalın rəsmiləşdirilməsinin sadələşdirilməsi bu prosesə müsbət təsir etdi. Amma bu qeyri-rəsmi daxil olmaları rəsmiləşdirdi. Amma ümumi tendensiya belədir ki, idxal getdikcə azalacaq. Eyni zamanda dövlət başçısının yeni sərəncamı da bu prosesə təsir edəcək. Sərəncama görə büdcə təşkilatlarına idxal mallarının alınması qadağandır. Ona görə gömrük daxilolmaları bundan sonra azalmaqda davam edəcək”, deyə S.Əliyev vurğuladı.
Xəyal