Lənkəran şöbəsinin sədrini polis rəisinin müavini şəxsən şərləyib tutduracağı ilə hədələyib
AXCP Lənkəran şöbəsinin sədri Nazim Həsənlinin həbsinə hazırlıq görülür. Bu barədə partiyadan məlumat verirlib. Məlumatda deyilir ki, Nazim Həsənli və şöbə fəalları sentyabrın 17-i Milli Şuranın mitinqinə qatıla biləmsinlər deyə, polis idarəsinə aparılıblar və bir sutkadan artıq orada saxlanılıblar.
İdarədə polir rəisinin müavini Əlifağa Kazımov Nazim Həsənovu şəxsən şərləyərək həbs etdirəcəyi ilə hədələyib.
Əlifağa Kazımov bundan əvvəl Sabirabad rayonunda polis rəisinin müavini işləyib və rayonda AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun qardaşı, partiya üzvü Murad Ədilovun narkotiklə şərlənib həbs olunmasını təşkil edib.
Əlifağa Kazımov Nazim Həsənovu hədələyib ki, onu da Murad Ədilov kimi həbs etdirəcək. Bildirib ki, onu Lənkərana AXCP-nin yerli şöbəsini məhv etmək üçün polis rəisinin müavini təyin ediblər. O da Nazim Həsənlini şərləyib həbs etdirəcək ki, şöbənin başqa fəallarına “dərs olsun”.
Bu gün isə partiya strukturlarına etibarlı mənbədən xəbər sızıb ki, Nazim Həsənlinin həbsi üçün hazırlıq işlərinə artıq başlanılıb.
Partiya hakimiyyətdən, konkret olaraq Lənkəran rayon rəhbərliyindən bu qanunsuz və təxribat xarakterli əməldən əl çəkməyi tələb edir. Eyni zamanda yerli və beynəlxalq ictimaiyyəti Lənkəran şöbəsi sədrini gözləyən təhlükə ilə bağlı etiraz səsini ucaltmağa çağırır.
İnformasiya şöbəsi