Hakimiyyətin Qərbdən maliyyə dəstəyi alması üçün Avropa Birliyinin razılığı olmalıdır
Siyasi ekspertlərə görə, maliyyə böhranı Azərbaycan hakimiyyətini məcbur edir ki, sərt ritorikdan özünü müdafiə ritorikasına keçsin
Dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüş zamanı hazırlanan hesabatdan narazılığını ifadə etməsi və bir sıra məqamların üzərinəd xüsusi ilə dayanması maraq doğurur. Prezident Avropa Parlamenti ilə əməkdaşlığın bərpası üçün bəzi məsələlərin aydınlaşdırılmasını istəyib. “Təəssüf ki, Avropa Parlamentinin bir il bundan əvvəl qəbul etdiyi qətnamə bizim münasibətlərimizdə ciddi geriləmə yaratdı. Bu, çox böyük təəccüb doğurdu. Biz Azərbaycanda bunu çox düşməncəsinə, qeyri-düzgün, səhv informasiya və qərəzə əsaslanan addım və ölkəmizin reputasiyasına zərər vermək cəhdi kimi qəbul edirik. Buna aydınlıq gətirmədən irəliləmək və gələcək işlərimizi planlaşdırmaq çətin olacaq. Məndə bununla bağlı sənəd var. Bilmirəm sizin hamınız bu barədə məlumatlısınız yoxsa yox, yəqin ki, məlumatlısınız. Lakin mən bəzi məsələləri qeyd etmək istərdim. Burada çox məsələ var, lakin düşünürəm ki, bəzilərini qeyd etməyə dəyər. Yəqin ki, sizin üçün mənim bununla bağlı şərhlərimi öyrənmək yaxşı olar».
Dövlət başçısı sənəddə Emin Hüseynov, Emin Milli və jurnalist Rasim Əliyevlə bağlı hissələrin üzərində xüsusilə dayanıb. İ.Əliyev xüsusilə onun altını cızıb ki, Azərbaycanda insan hüquqları pozulmur, əksinə demokratiya yüksək səviyyədə qorunur və insan haqlarına hörmət edilir.
İ.Əliyevin bu ritorikası nədən xəbər verir? Nümayəndə heyətinin qarşısındakı bu cür açıqlamanı necə qəbul etmək gərəkdir?
Ekspertlərin fikrincə, İ.Əliyevin ilk dəfə bu cür ritorikaya müraciət etməsi təsadüfi deyil. Bu ilk növbədə ölkənin üzləşdiyi sosial-iqtisadi durumla bağlıdır. Çünki adətən Azərbaycan siyasi rəhbərliyinin nitqinə fikir versək görərik ki, burada daha çox «hücumçu» hədələyici notlardan istifadə olunur. Almaniya Bundestaqı, Avropa Parlamenti Azərbaycanla bağlı sərt qətnamələr qəbul edərkən, İ.Əliyev onları kağız parçası adlandırmışdı, «Almaniya Bundestaqı özünü nə zənn edir» kimi ifadələrdən istifadə etmişdi. Amma ilk dəfədir ki, ritorika dəyişib. Əslində Avropa Birliyinin nümayəendələri qarşısındakı sərt çıxış müdafiə ritorikası sayılmalıdır. Çalışılır ki, Emin Millinin həyatına təhdidin olmaması izah olunsun, Emin Hüseynovun vətəndaşlıqdan imtinasının onun könüllü istəyi olduğu diqqətə çatdırılsın. Eyni zamanda jurnalist Rasim Əliyevin ölümünün futbolçu və onun fanatlarının həyata keçirdiyi cinayət olduğu sübut olunmağa çalışılır. Hətta İ.Əliyev vurğulayır ki, bu ittiham ona qarşı böhtan və təhqirdir. Yəni hakimiyyət qarşı tərəfi ittiham etmə tonundan, özünə bəraət tonuna müraciət edib. Bunun da səbəbləri sırasında Qərbdən istənilən investisiya göstərilə bilər. Azərbaycan hakimiyyəti Qərbin maliyyə institutlarından kredit almaq istəyir. Amma bu kredit hakimiyyətə verilmir. Bu vəsaitin ayrılması üçün ilk növbədə Avropa Birliyinin də razılığı olmalıdır. Ona görə ritorika dəyişib. Ritorikanın dəyişməsi pulsuzluqdan qaynaqlanır. Yalnız pul Azərbaycan hakimiyyətini məcbur edir ki, sərt ritorikdan özünü müdafiə ritorikasına keçsin.
Hikmət