İlham Hüseyn
Milli Şuranın 11 sentyabr mitinqi xeyli sualları cavablandırdı və səmimi, qərəzsiz, həqiqətən dəyişiklik istəyən adamlarda fikir formalaşdırdı. “Müxalifət birləşməlidir” arzusunda səmimi olanlar da başa düşdü ki, müxalifət əsas etibarilə birləşib və digərləri də birlik naminə birləşmiş müxalifətin yanında olmalıdır. Yəni, Milli Şuranın hansısa cinaha birləşməsindən söhbət gedə bilməz, Milli Şuraya birləşmək lazımdır. İndiki halda Milli Şura müxalifətin birləşmiş formasıdır və bütün çətinliklərin öhdəsindən gəlir. Pulsuz, qərərgahsız, əsas funksionerlərin həbsdə olduğu bir reallıqda, ayaqda qalmaq, rejimə meydan oxumaq fenomenal hadisədir. 11 sentyabr mitinqi isə qeyri-mümkünün mümkünə çevrilməsi hadisəsidir. 17 sentyabr mitinqi kütləvilik baxımından 11 sentyabrdan geri qalsa da, daha möhtəşəm, daha təqdirəlayiqdir. Çünki, 17 sentyabr mitiniqi “icazəsiz mitinq” statusundadır. 100-dən artıq funksioner həbs olunub, insanların meydana gəlməməsi üçün müxtəlif “ssenari”lər işə düşüb, üstəlik təbiət məhz həmin gün üsyana başlayıb. Bu şərtlər daxilində minlərlə insanı meydana yığmaq böyük uğurdu. Ölkədə ikinci bir güc mərkəzi varmı ki, bu şərtlərdən sonra hücum əmri versin? Əlbəttə ki, yoxdur və bunu etiraf etməmək qeyri-səmimiliyin göstərişidir.
Beləliklə, Milli Şura ard-arda iki mitinq etdi və geri çəkilməməyin nümunəsini göstərdi. Amma Milli Şuranın mitinq etməkdə məqsədi “mən hamıdan güclüyəm” mesajını vermək deyildi. Çünki, bu təsdiqlənib və bunun əksini sübuta yetirən yoxdur. Deməli, Milli Şura mitinq xətrinə mitniq keçirmək istəməyib. Milli Şura bu müddət ərzində təşkilatlanıb və göstərdi ki, 2014-cü ilə müqayisədə çox irəli gedib.
Amma Milli Şuranın 11 və 17 sentyabr mitinqini alqış sədaları ilə qarşılamayanlar, bu qrumun sentyabrın 24-də mitinq keçirməməsini “geriyəçəkilmək”, “prosesə zərbə vurmaq” kimi qiymətləndiriblər. Bu prosesi Milli Şura yaradırsa, məqsəd bu prosesi gücləndirməkdirsə, geriyə çəkilmək necə mümkün ola bilər? Milli Şura 24-nə mitinq çağırşı etməyib, sadəcə olaraq hər ehtimala qarşı BŞİH-ə rəsmi müraciət edib. 17 sentyabr mitinqindən sonra isə qərar alınıb ki, növbəti mitiniqi başqa bir tarixə salmaq və daha güclü mitinq təşkil etmək lazımdır.
Yəni, sentyabrın 24-də mitiniq keçirməmək “geriyəçəkilmə əməliyyatı” deyil, hücumun cinahının dəyişdirilməsidir. Bəli, yaraları sarımaq, yeni taktika hazırlamaq və hücuma atılmaq qərarı var. Aradakı fasilə həm də vətəndaşlara bir daha düşünmək haqqı tanımaqdır. İnsanlar bilməlidilər ki, çətniliklər səddini aşmadan, əziyyət çəkmədən azadlıq əldə etmək mümkün deyil. İnsanlar da bütün çətinliklərə baxmayaraq, mübarizənin önündə olacaqlarının mesajını verməlidilər. Yəni, kütləvi mitinqlər işıqlı gələcəyin müjdəçisi olmalıdır.
AXCP-yə gəlincə, bu partiya geriyə çəkilməməyin xəritəsini cımış partiyadır. AXCP partiya rəhbərliyinin yarısı həbs olunanda geri çəkilməyibsə, partiya sədrinə həbs təhlükəsi yarananda geri çəkilməyibsə, partiya sədrinin qayını ölümlə təhdid ediləndə geri çəkilməyibsə, bundan sonra da geri çəkilməz.
Deməli, Milli Şuranın uğurlarına uğursuzluq muncuğu bağlayanlar həm hökumətin əlinə oynamış, həm də cəmiyyəti ruhdan salmış olurlar. Bu boyda fədakarlığı, təmənnasızlığı süngüylə qarşılamaq növbəti hücuma əngəl yaratmaq cəhdidir.
Qulağınızı açın və yaxşı eşidin. Biz ya qalib gələcəyik, ya da mübarizə səngərində öləcəyik. Biz keçdiyimiz körpüləri ona görə dağıdırıq ki, geri qayıtmaq haqqında düşünməyək.
Milli Şuranın 11 və 17 sentyabr mitinqləri hücum əmri idi. Bu mitinqlər milyonlarla narazı insana mesaj verdi, insanları öz taleyinə biganə qalmamağa səslədi. Bəli, Milli Şura səngərdədi, “atəşkəs” elan etməyib və növbəti hücuma hazırlaşır.